Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru Yaqub Piriyev yeni tədris ilinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illiyinə təsadüf etdiyini vurğulayaraq müstəqil Azərbaycanın misilsiz qəhrəmanlıq səhifəsi olan bu Zəfərlə xalqımızın daim qürur duyacağını bildirib.
Yaqub Piriyev beynəlxalq standartlara uyğun mühəndislik, informasiya texnologiyaları sahəsində rəqabətədavamlı mütəxəssis kimi formalaşmaq üçün hər cür şəraitin yaradıldığı BMU-da son illər aparılan islahatları önə çəkib. Ali məktəbin bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minlikdə yer alması xüsusilə qeyd olunub. Universitetə builki qəbul nəticələrinə toxunan rektor 39 ixtisas üzrə plan yerlərinin 97 faiz dolduğunu vurğulayaraq, magistratura səviyyəsi ilə birlikdə ali məktəbə ümumilikdə qəbul olan tələbələrin, habelə BMU-nu seçən yüksək bal toplamış abituriyentlərin sayındakı iki dəfəyə yaxın artımı statistik rəqəmlərlə təqdim edib. Həmçinin bu ildən etibarən BMU-nun bakalavriat səviyyəsinə 7 ixtisas üzrə Cənubi Koreya və Çin universitetləri ilə həyata keçirilən ikili diplom proqramlarına dair zəruri informasiyaları diqqətə çatdırıb. Cari ildə BMU-nun 30-dan artıq məzununun xaricdə magistratura qəbul olmasını sevindirici hal kimi qeyd edən rektor onların təhsillərinə davam etmələrinə yaradılan şəraiti dövlətimizin savadlı, bacarıqlı nəslə dəstəyinin parlaq ifadəsi adlandırıb.
Çıxışının sonunda Yaqub Piriyev tələbələrə öz ixtisaslarını dərindən öyrənmək üçün sistemli çalışmağı tövsiyə edib.
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev müəllim və tələbələri yeni tədris ili münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda təhsil sistemi hər zaman dövlətin diqqət mərkəzindədir və hazırda işğaldan azad olunmuş, böyük quruculuq işləri aparılan ərazilərimizdə də təhsil infrastrukturu uğurla yenidən qurulur. Tələbələrin bilik və bacarıqlarının artırılması üçün ölkəmizin ali təhsil müəssisələrində, o cümlədən BMU-da yaradılan imkanları yüksək qiymətləndirən Abdin Fərzəliyev gənclərin yüksəkixtisaslı kadrlar kimi yetişərək gələcəkdə Azərbaycanın daha da inkişafına töhfə verəcəklərinə inamını vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova ali təhsil illərini hər bir gəncin həyatında mühüm mərhələ kimi səciyyələndirib. Təhsil sahəsində aparılan islahatlara və həyata keçirilən dövlət proqramlarına toxunan deputat bildirib ki, gənclər onlara yaradılmış bütün imkanlardan faydalanmalı, yaxşı mütəxəssis kimi yetişməklə bərabər, milli-mənəvi dəyərlərə sadiq qalmalı, əsl vətəndaş mövqeyinə sahib olmalıdırlar.
Milli Məclisin deputatı Vüqar Bayramov isə təbrik nitqində təhsilin inkişafının ölkəmizin prioritet istiqamətini təşkil etdiyini deyib. O, texnologiya və innovasiyalarda sürətli dəyişiklikləri, elm, təhsil sahəsinin müasir çağırışlara uyğun yenilənməsini, gənc nəslin əmək bazarının tələbləri əsasında yüksəkixtisaslı kadrlar kimi hazırlanmasının əhəmiyyətini vurğulayaraq dövlətimizin insan kapitalının inkişafı üçün atdığı addımları xüsusi qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Arif Həşimov müasir dövrdə elm və təhsili Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayaqları kimi xarakterizə edib. Alim tələbələrin elmə maraq göstərməsi və tədqiqatlara cəlb edilməsinin vacibliyini, AMEA-nın yeni ideyalarla çıxış edən, araşdırmalar aparan və innovativ təşəbbüslər irəli sürən gənclərə dəstək verməyə hər zaman hazır olduğunu söyləyib.
Tədbirdə daha sonra çıxış edən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova gənclərin vətənpərvərliyi, bilikli və savadlı yetişməsi ilə hər zaman qürur duyduğunu deyib, onlara təhsillərində uğurlar arzulayıb.
Sonda bu il ən yüksək nəticə göstərərək BMU-nun informasiya texnologiyaları ixtisasına qəbul olunan Nərmin Talıbova tələbə adını qazanmağın qürurunu və səmimi ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb.