AZ

"Son üç ayda böyrümüzdə 3 dəfə hərbi təlim keçirənlər Karendən qəhrəman düzəltməyə cəhd edəcəklər"

"Dünən Xankəndidə Qarabağ Universitetinin Klinikasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü silahlı təxribat törətmək cəhdində suçlandırılaraq həbs edilən Karen Avanesyan kimdir, hara bağlıdır? "Təxribat" özü geniş anlayışdır, bir nəfər polis əməkdaşını da yaralayan bu adamın əsas məqsədi nə olub? O, niyə tədbir yerinə can atırmış? Əminəm ki, gec-tez bununla bağlı rəsmi açıqlama olacaq".

Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev özünün feysbuk hesabında yazıb. 

"Ona da əminəm ki, son üç ayda böyrümüzdə 3 dəfə hərbi təlim keçirənlər, kontrolları altındakı revanşistlər, daşnaklar və digər törtökuntülər Karen Avanesyandan qəhrəman, yaxud da qurban düzəltməyə cəhd edəcəklər. Yəni bu olay ətrafında geniş informasiya təxribatına əl atacaqlar, bəlkə, həm də nələrisə ört-basdır etmək üçün.

Bütün hallarda dünənki olay dövlət və millət olaraq sayıqlığımızı daha da artırmamızı tələb edir. Xankəndidə klinikayla tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü baş verənlər göstərir ki, avanesyanları bizə nifrət ruhunda bəsləyənlər, onları əbədi düşmənçiliyə, terrora yoluxduranlar elə də qalmaları, sağalmamaları üçün bacardıqlarını edəcəklər. Və belə hiss olunur ki, Qarabağda gedən quruculuq işləri onları torpaqlarımızın işğaldan qurtarılmasından heç də az qıcıqlandırmır. Biz bunu görməzdən gələ bilmərik", - deyə Milli Məclis üzvü vurğulayıb.

Turan İSMAYIL

Seçilən
31
redaktor.az

1Mənbələr