AZ

Kəlbəcərdə ilk təhsil zəngi çalınıb

Bakı, 15 sentyabr, AZƏRTAC

İşğaldan azad olunan Kəlbəcərdə tikilən ilk ümumi təhsil müəssisəsi olan Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün ilk təhsil zəngi çalınıb.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bilik Günündə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

İlk dərs günü Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Kəlbəcərdə ilk təhsil müəssisəsinin fəaliyyətə başlaması, həmçinin yeni tədris ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, 2025-2026-cı tədris ilində qarşıda duran məsələlərdən danışıb.

Sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

Tədbir bədii hissə ilə davam edib.

Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə tədris prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Kəlbəcər rayonu 1 nömrəli tam orta ümumtəhsil məktəbində 43 şagirddən ibarət 11 sinif təşkil edilib və 14 müəllim burada tədris aparacaq.

 

Seçilən
30
13
azertag.az

10Mənbələr