Premyer Liqanın dördüncü turunda keçirilən “İmişli” – “Sumqayıt” qarşılaşmasından sonra qonaq komandanın futbolçuları qarışıq hislərə bürünmüşdü.
Bir tərəfdə meydanı məğlub tərk etməyin üzgünlüyü, digər tərəfdə texniki qələbənin gətirəcəyi 3 xal var idi.
Komandanın aparıcı futbolçularından olan Aleksa Yankoviçlə müsahibəyə də elə məlum mövzudan başladıq.
- Üzgünlük, yoxsa sevinc?
- Məğlub olduğumuza görə məyusluq var. Bu gün oyun ab-havası yox idi. Futbolda belə hallar olur, bəzən udur, bəzən uduzursan. Önəmli olan bu yenilgini unudub, növbəti matça hazırlaşmaqdır.
- Uduzduğun halda 3 xal qazanmaq sevindirir?
- Rəsmi qərar olmadığı üçün dəqiq nəsə demək çətindir. Dediyiniz qərar verilsə, əlbəttə, bizim üçün yaxşı olacaq.
- Rəsmiləşməsə də, dəqiqdir – “İmişli”yə texniki məğlubiyyət veriləcək.
- Həmin vaxt sevinərik (gülür). Hələ ki, üzgünük.
- Özünü rəqib komandadakı həmkarlarının yerinə qoyanda necə?
- Futboldur, heç kim səhvdən sığortalanmayıb. Səhv hamının başına gələ bilər. Eyni vəziyyətə biz düşsəydik, onlar kimi üzüləcəkdik.
- Qazonun durumu qane etdi?
- Vəziyyət çox pis idi. Ancaq bir şey var ki, hər iki komanda eyni şərtlər altında oynayırdı. Məğlub olduğumuza görə meydanın durumunu bəhanə edə bilmərik.
- Uduzmağınızda qazonun vəziyyəti rol oynadı?
- Hansısa mənada, bəli. Çünki oynadığımız futbol belə meydan üçün deyil. Sürətli hücumlar qururuq, topla davranmağa üstünlük veririk. Meydan ağır və sürüşkən olanda istər-istəməz işimiz çətinləşir. İstənilən halda belə vəziyyətlərə də hazır olmalıyıq.
HƏBİB