AZ

"Bakı şəhər trası həm sürücülər, həm də bolidlər üçün ciddi sınaqdır" - "Mercedes"in rəhbəri

"Mercedes" komandasının rəhbəri Toto Volff "Formula 1" üzrə Azərbaycan Qran-prisi öncəsi açıqlama verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Bakı şəhər trasını həm sürücülər, həm də bolidlər üçün ciddi sınaq adlandırıb.

"Burada mübarizə olduqca gərgin keçəcək. Hər bir xırda detal nəticəyə təsir göstərə bilər. Əgər maksimum gücümüzü ortaya qoya bilsək, bu həftəsonu ön sıralarda yer almağa şansımız olacaq", - Volff bildirib.

Tanınmış mütəxəssis həmçinin Konstruktorlar Kubokunda ikinci yer uğrunda mübarizəni davam etdirdiklərini vurğulayıb:

"Artıq mövsümün Avropa mərhələsi arxada qaldı. Bakı yarışı ilə çempionatın son üçdə biri başlayır. Əbu-Dabidəki finiş həlledici olacaq, çünki üç komanda ikinci pillə uğrunda mübarizə aparır. Montsada geridə qaldıq, amma rəqibləri keçmək üçün qarşıdakı 8 yarışda daha güclü performans göstərməliyik".

Hazırda Konstruktorlar Kubokunda "Mercedes" 260 xalla üçüncü yerdə qərarlaşıb. Komanda "McLaren" (617 xal) və "Ferrari"dən (280 xal) geri qalır, lakin "Red Bull"u (239 xal) qabaqlayır.

Fərdi nəticələrdə Corc Rassell 4-cü, Andrea Kimi Antonelli isə 8-ci pillədə yer alır.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Tural
Milli.Az

Seçilən
17
1
milli.az

2Mənbələr