AZ

Deputatdan "İmişli" açıqlaması: "Bu, ədalətsizlik sayılacaq"

"Xəbəri eşidəndə çox təəccübləndim, inana bilmədim".

İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a açıqlamasında Milli Məclisin 82 saylı İmişli - Saatlı seçki dairəsindən deputatı Səyyad Aran "İmişli"yə texniki məğlubiyyət veriləcəyinə dair iddialara münasibət bildirərkən deyib.

Onun fikrincə, "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldiyi oyunda adı yekun protokolda olmayan futbolçusunun meydana buraxılması sırf texniki yanlışlıqdır: "Qoy, yenidən sənədləri yoxlasınlar, İbrahim Əliyevin orada adının olub-olmamasına aydınlıq gətirsinlər. İlkin sənədlərdə adı varsa, texniki məğlubiyyət vermək, komandanın əziyyətini bu dərəcədə yerə vurmaq olmaz. Həm də klub rəhbərliyi belə bir səhv etdiyinə inanmıram. Çünki onlar adı protokolda olmayan oyunçunun "lipa" sayıldığını bilirlər. Onu etməzlər".

Deputat bildirib ki, "İmişli"yə texniki məğlubiyyətin verilməsi ədalətsizlik olardı: "Bu, tam ədalətsizlik sayılacaq. Sənədləri yoxlamaq lazımdır. Əvvəlki sənədlərdə adı varsa, deməli, komandanın oyunçusudur. Çöldən gətirib kimisə qoymaq uşaq səhvi olar, bunu heç kim etməz. Komandanın əməyini bu dərəcədə puça çıxarmaq yolverilməzdir. O boyda yanlışlığı komandanın qos-qoca baş məşqçisi və klub rəhbərliyi etməz".

Qeyd edək ki, "İmişli" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Oyun zamanı baş vermiş qalmaqala AFFA İntizam Komitəsinin iclasında baxılacaq.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr