AZ

Tarixə çevrilmiş Sabunçu elektrik stansiyası 123 illik tikilidən REPORTAJ

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 sentyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Paytaxt Bakının işıqlandırılma ilə bağlı maraqlı tarixçəsi var. İndi işıqlandırılma ilə əlaqədar yeni layihələrin həyata keçirildiyi, işıqlandırılan məkanların, o cümlədən küçə və prospektlərin sayının günü-gündən artdığı paytaxtda vaxtilə işıqdan məhdud sayda insanlar istifadə edə biliblər. Bu dövr Bakıda ilk elektrik stansiyalarının inşa olunduğu vaxta təsadüf edir. Həmin dövrdən onilliklər keçsə də, o vaxtlar inşa olunan tikililər hələ də qalmaqdadır. Belə yerlərdən biri də Sabunçu elektrik stansiyasıdır.

AZƏRTAC-ın əməkdaşları ölkəmizdə ilk elektrik stansiyalarının inşa edildiyi dövrə nəzər salıb, hazırda işləməyən Sabunçu elektrik stansiyasında olublar.

Sabunçu elektrik stansiyasının inşası

Ölkəmizdə ilk elektrik stansiyaları XIX əsrin sonlarında qurulub. Azərbaycanda elektroenergetika sisteminin tarixi 1883-cü ildə Bakıda Nobel qardaşları tərəfindən 220 Volt gərginlikli generatorların quraşdırılması ilə başlayıb. O dövrdə yaradılan kiçik özəl stansiyalar, eləcə də “Svet” ortaqlığının elektrik stansiyası yalnız imkanlı şəxslərin fərdi evlərini elektrik enerjisi ilə təmin edib. Sonrakı illərdə yeni stansiyaların sayının və tutumunun artması ilə fərdi evlər, dövlət qurumlarının inzibati binaları, şəhər küçələrinin bir hissəsi mərhələli şəkildə işıqlandırılıb.

1903-cü ildə elektrik stansiyalarının sayı 70-ə çatıb. Bunlardan biri də 1902-ci ildə Sabunçu rayonu ərazisində tikilən elektrik stansiyasıdır. Paytaxtın ən qədim elektrik stansiyalarından biri olan Sabunçu elektrik stansiyası artıq işləmir. İndi həmin ərazidə yalnız stansiyanın qalıqları: köhnə tikili, yararsız qurğular, toz basmış sənədlər və s. qalıb.

Dövrünün modernləşmə simvolu və tarixə çevrilmiş mənzərə

Binanın tarixi ilə bağlı məlumatları bizimlə bölüşən tarixçi Zaur Əliyev bildirib ki, Sabunçuda elektrik stansiyasının inşası təkcə texniki yenilik deyildi, həm də modernləşmənin simvolu olub. Stansiya insanların həyatına işıqla yanaşı, tərəqqi, təhlükəsizlik və yeni imkanlar gətirib:”Bu, Sabunçudakı ilk elektrik stansiyasıdır. Stansiyanın yaradılması ideyası isə qatar xəttinin işə düşməsi ilə bağlı olub. Azərbaycanın ilk dəmir yolu xətti olan 20 kilometr uzunluğundakı Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başlayıb. Bakıda vağzal binası inşa edilib. 1880-ci il yanvarın 20-də isə bu yolun təntənəli açılışı olub. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab edilir. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolundan yalnız neftin nəqli üçün istifadə olunub. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanılıb. 1902-ci ildə tikilən elektrik stansiya isə enerji təminatı baxımından əsas mərkəzlərdən biri hesab edildiyi üçün binada o dövrün tələbələrinə uyğun işlər də görülüb”.

İndi isə stansiyanın daxilində tamamilə başqa mənzərə canlanır. Burada qaranlıq otaqların divarları çatlayıb, pəncərələrin şüşələri sınıb. Binanın damından otaqlara zəif işıq düşür. Otaqlardan birində köhnə sənədlərə rast gəlirik. Qeyd dəftərlərinin saralmış vərəqlərində vaxtilə istehsal olunan elektrikin gücü, təmir cədvəlləri, hətta işçilərin adları yazılıb.

Köhnə qurğular və yadda qalan xatirələr

Stansiyanın binasında rastlaşdığımız ən təsirli mənzərə isə zirzəmidə oldu. Orada nəhəng elektrik qurğuları, transformatorlar, köhnə kabellər işləmir, sanki simvola çevrilib. Addımlarımızın səsi isə daş divarlara dəyib, əks-səda verirdi. Həmin anda yüz il əvvəl bu divarların qurğuların uğultusu ilə necə titrədiyini təsəvvür edirsən...

Zirzəmidəki otaqların birinin küncündə taxta stol və stul görünürdü. Stolun çəkməcələrində isə bəzi saralmış sənədlər, elektrik qurğularının istiafəsi ilə bağlı köhnə kitablar var idi. Otaqlardakı nəhəng qurğular isə Zaur Əliyevin stansiya ilə bağlı qeyd etdiyi fikirlərlə tam uyğundur. Onun sözlərinə görə, stansiya əvvəlcə neft mədənlərini, xəstəxananı və kilsəni elektrik enerjisi ilə təmin edib. 1910-cu ildən isə artıq bütün Sabunçu kəndi bu stansiyadan işıq alıb. Beləliklə, Sabunçu Azərbaycanın erkən elektrikləşmə tarixində ən qabaqcıl mərkəzlərdən birinə çevrilib. Ancaq tarixçi hesab edir ki, bu kimi sənaye abidələri yalnız daş və dəmir yığını deyil, həm də Azərbaycanın sənaye-mədəni irsinin yaddaşıdır. Onların gələcək nəsillərə tanıdılması isə vacibdir.

Sabunçunun yaşlı sakinləri deyirlər ki, 1960–1970-ci illərə qədər bu stansiyanın binası uşaqlar üçün maraqlı “macəra yeri” olub. Onlar bir yerə toplaşıb, stansiyanın qapısına baxar, “bura vaxtilə bütün kəndə işıq verib” deyə böyüklərin hekayələrini dinləyərdilər. İndi isə həmin insanlar üçün bu stansiya həm qürur, həm də nostalji mənbəyinə çevrilib.

Sabunçuda yerləşən, 1902-ci ildə istifadəyə verilmiş elektrik stansiyası bu gün işləmir. Amma onun divarları, paslanmış qurğuları, zirzəmisindəki sükut bir mesaj ötürür: Bu tarix Azərbaycanın modernləşmə yolunda atdığı ən mühüm addımlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr