AZ

Paşinyan bunu yaxşı başa düşür, ona görə xalqını hazırlayır... — Deputat

Ermənistanda radikallar Vaşinqton razılaşmasına görə Baş nazir Nikol Paşinyana təzyiq göstərməyə çalışırlar. Ötən həftə parlamentdə çıxışı zamanı Paşinyana təxribatçı sualların verilməsi də bunu təsdiq edir.

Həmçinin, ölkədə konstitusiya dəyişikliyi ilə bağlı sorğudan məlum olub ki, əhalinin 58 faizi bunun əleyhinədir, 25 faizi hesab edir ki, bu, siyasi tələdir. Sorğuda iştirak edənlərin 60 faizi isə Zəngəzur dəhlizinin açılması ilə razı deyil. Bəs referendumun nəticələri mənfi ola bilərmi?

Bu barədə Demokrat.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Ermənistan Azərbaycanın bu şərtini qəbul edib və referendum keçirməlidir:



“Çünki Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar var. Ermənistan Konstitusiyasının preambula hissəsində də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bütün bu dəyişikliklər məhz sülh müqaviləsinin imzalanmasını gerçəkləşdirə bilər. Bu öhdəliyi Ermənistan dünyanın bir nömrəli ofisində götürüb. Baş nazir Nikol Paşinyan yaxşı bilir ki, öhdəliklərdən boyun qaçırmaq onun nəinki şəxsi nüfuzuna zərbə olar, hətta Ermənistanın dövlət kimi qlobal aləmdə, o cümlədən ABŞ Prezidenti qarşısında qeyri-ciddi tərəfdaş kimi qəbul olunması və dünya ictimaiyyətinin etimadını birdəfəlik itirməsi ilə nəticələnə bilər. Ona görə də o, öz xalqını sözügedən ali sənədlərdə dəyişikliklər edilməsinə hazırlayır. Onun və parlament sədrinin çıxışlarından, xalqa müraciətlərindən bunu görürük”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülhü Nikol Paşinyanla deyil, erməni xalqı ilə imzalamaq istəyirik:

“Yəni, erməni xalqı referendumda iştirak etməli və dəyişikliyə “Hə” deməlidir. İctimai konsensus olmalı, sülh yalnız sənədlərdə qalmamalıdır.

Referendumun keçirilməsi Ermənistanın öhdəliyidir və bu referendumu artıq hökumət özü də təsdiq edib. Referendumun nəticələri Ermənistan xalqının gələcəyə baxışını ortaya qoyacaq. Sülh və inkişaf istəyirlərsə, onlar buna müsbət cavab verəcəklər. Əgər referendumun nəticələri mənfi olarsa, deməli, onlar sülhü, tərəqqini və regional inkişafı istəmirlər və rədd edirlər. Bunun da məsuliyyəti Ermənistanın öz üzərinə düşür”.
Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
4
1
demokrat.az

2Mənbələr