AZ

Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti

Barəsində olan cinayət işinə xitam verdirib azadlığa çıxmaq istəyən şəxs dələduzluğa məruz qalıb. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, R.M. narkotik cinayətində şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. R.M. yaxınlarına xəbər göndərərək, Əli adlı şəxsin onun barəsindəki cinayət işinə xitam verdirə biləcəyini deyib. Bu baxımdan, o, yaxınlarına həmin şəxslə görüşmələrini tapşırıb. 

R.M.-nın yaxınları həmin şəxslə görüşüb. Əli onlardan cinayət işinə xitam verilməsi üçün 30 000 manat pul istəyib. Qarşı tərəf razılaşıb və hissə-hissə Əliyə 30 000 manat verilib. Lakin Əli verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılıb. 

Əli verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini deyib. Əlavə edib ki, dəymiş zərəri qaytarmaq istəsə də, buna imkanı olmayıb. 

Məhkəmənin hökmü ilə Əliyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Milli.Az

Seçilən
7
2
milli.az

3Mənbələr