AZ

Fransada sosial şəbəkələrə nəzarət təşəbbüsləri

“Facebook”, “Instagram”, “YouTube”, “TikTok”, “X” (keçmiş “Twitter”) və digər bu kimi məşhur platformalar ictimai rəyin formalaşdığı, debatların aparıldığı, siyasi gündəmə yön verən, seçkilərə təsir göstərən güclü informasiya platformasına çevriliblər. Bu səbəbdən, milli təhlükəsizliyinin qayğısını çəkən hər bir dövlət öz ərazisində sosial şəbəkə seqmentinin tənzimlənməsi üçün təşəbbüslər göstərir. Fransada da sosial şəbəkələrə yanaşma bu kontekstdədir. 2025-ci ilin əvvəlinə olan statistikaya əsasən, ölkədə internet stifadəçilərin sayı əhalinin 95,2 faizini təşkil edib. Onlardan 75,7 faizi, yəni 50,4 mln fransız sosial media istifadəçisidir ( https://datareportal.com/reports/digital-2025-france# ). Bu dinamikanı nəzərə alaraq, dövlət tərəfindən sosial şəbəkə seqmentində tənzimləmə tədbirləri həyata keçirilir. Fransa sosial media tənzimlənməsi üzrə addımlarını Avropa İttifaqının qəbul etdiyi Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uzlaşdırır. Bu baxımdan, Fransanın sosial şəbəkə platformalarına yanaşmasını təsəvvür etmək üçün Avropa İttifaqının (Aİ) mövzu üzrə siyasətini nəzərdən keçirmək lazım gəlir. Avropa İttifaqını narahat edən əsas amillər Dünyada ən böyük sosial şəbəkə platformalarının əksəriyyəti ABŞ (“Tesla”, “Meta”- “Google”, “X, “Facebook”, “Instagram”, “WhatsApp”) və Çin şirkətlərinə (“Baidu” və “Xiaomi”- “TikTok”, “WeChat”) məxsusdur. Avropa bu rəqəmsal rəqabətdə geridə qalır. Rəqəmsal müstəqillik: Avropa İttifaqı ABŞ və Çin şirkətlərinin hegemonluğuna münasibətdə öz texnoloji müstəqilliyini təmin etmək istəyir. Sosial şəbəkə platformalarında məzmunu nəzarətdə saxlamaq üçün mexanizmlər yaradır ( https://ecfr.eu/archive/page/-/europe_digital_sovereignty_rulemaker_superpower_age_us_china_rivalry.pdf). Maliyyə maraqları: Aİ öz ərazisində fəaliyyət göstərərək milyardlarla gəlir qazanan sosial şəbəkə platformalardanpay tələb edir. Avstraliya nümunəsində olduğu kimi, bu şirkətləri media qurumlarına kompensasiya ödəməyə məcbur etmək tələbi gündəmdədir. Təhlükəsizlik – Dezinformasiya, nifrət nitqi və kiber təhdidlər Avropada ictimai sabitliyə risk kimi görünür. Qanunvericilikdə uyğunlaşdırmalar aparıb, bu təhdidlərə qarşı mübarizəni təmin edirlər. Aİ müxtəlif üsullardan istifadə edərək, texnoloji nəhənglərin hegomonluğunu Avropa bazarında məhdudlaşdırmağa, yerli seqment üzərində təsirli nəzarət qurmağa çalışır. Məsələn, “Rəqabət qanunu” əsasında “Apple”, “Meta” və “Google” kimi şirkətlərə cərimələr tətbiq edir. Digər tərəfdən, məzmun üzərində nəzarət mexanizmlərini gücləndirir. Yəni, Aİ-nin bu platformalardan istəyi yalnız təhlükəsizlik təminatı deyil, həm də iqtisadi dividentlər əldə etməkdir. 2025-ci ilin əvvəlində Avropa Komissiyası “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələdi. Rəsmi izahat bu oldu ki, qeyd edilən şirkətlərAvropa İttifaqına məxsus “Rəqəmsal Bazarlar Qanunu”nu (DMA) pozublar(https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_25_1085 ). Vaşinqton isə bu qərarı “demokratiyaya zərbə” və “senzura təşəbbüsü” kimi qiymətləndirdi. ABŞ Dövlət Departamenti sosial şəbəkələri də əhatəyə alan Aİ qanunlarını - “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA) və “Rəqəmsal Bazarlar Qanunu”nu (DMA ) “Senzura Aktı” adlandırdı. Vaşinqton iddia edir ki, Avropa İttifaqı sosial şəbəkələri tənzimləmə adı altında sərt nəzarət tətbiq edir, ifadə azadlığını məhdudlaşdırır və rəqəmsal bazarı Avropa şirkətlərinin xeyrinə yenidən dizayn edir. Fransa nümunəsi Sosial şəbəkələrdə nəzarət imkanlarına yiyələnmək təşəbbüsləri ümumilikdə Avropa İttifaqı məkanında təzahür etsə də, bu tendensiya Aİ-yə üzə üzv dövlətlərdən olan Fransa və Almaniyada daha qabarıq şəkildə müşahidə olunur. Fransa 2018-ci ildə “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında qanun” qəbul etməklə sosial şəbəkə seqmentinə nəzarəti hüquqi müstəvidə tamamladı. Almaniya isə 2017-ci ildə “Şəbəkə mühafizəsi Aktı”nı (NetzDG) qəbul edib. Bu nümunələr sonradan Avropa İttifaqı miqyasında genişləndirildi. Aİ “Rəqəmsal Bazarlar Qanunu”nu (DMA-https://en.wikipedia.org/wiki/Digital_Markets_Act) yeniləyərək sosial şəbəkələrə tətbiq olunmasını təmin etdi. Həmçinin, “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA - https://en.wikipedia.org/wiki/Digital_Services_Act#: ) və “Avropa Media Azadlığı Aktı”nı (EMFA) qəbul edərək, bütövlükdə Aİ məkanında sosial şəbəkələrin tənzimlənməsi üçün hüquqi baza formalaşdırdı. Rəsmi Paris Aİ məkanında sosial şəbəkələrin tənzimlənməsi üzrə həm milli qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də xüsusi inzibati institutların formalaşdırılması ilə seçilir. Hüquqi baza “Rəqəmsal iqtisadiyyata etimad Qanunu” ( Loi pour la confiance dans l’économie numérique-LCEN) Fransada internet hüququnun “əsas sütunudur”. 2004-cü ildə qəbul edilib. Bu qanun elektron ticarət və müqavilələrin legitimliyini tanıyır, internet xidmət təminatçılarının məsuliyyətini müəyyənləşdirir, şəxsi məlumatların qorunmasına dair ilkin çərçivə yaradır. Sonrakı illərdə sosial şəbəkələrin artması ilə bu qanun yeni əlavələrlə tamamlanıb. “Fake xəbər” Qanunu (Loi contre la manipulation de l’information)2018-ci ildə qəbul edilib. Xüsusi olaraq: - Seçki dövrlərində dezinformasiyaya qarşı mübarizəni,
- Məhkəmələrin saxta məlumatı 48 saat ərzində silmək barədə qərar verməsini,
- Sosial şəbəkələrin sponsorlu kontent barədə şəffaflıq öhdəliklərini,
- Xarici dövlətlərin təsiri altında fəaliyyət göstərən media platformalarının fəaliyyətinə nəzarətiehtiva edir ( https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000037847559/ ). Bu qanun Avropada saxta xəbərlərə qarşı ilk kompleks hüquqi mexanizmlərdən biri kimi tarixə düşüb.
- reklamların və sponsorluq münasibətlərinin açıq göstərilməsi,
- alkoqol, qumar, riskli maliyyə əməliyyatlarının reklamına məhdudiyyətlər qoyulmasını,
- istehlakçı hüquqlarının qorunmasını tələb edir ( https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000047663185) Onlayn nifrət nitqi və zorakılıq çağırışlarının qarşısı Qanun” (“Loi Avia” qanunu) 2020-ci ildə qəbul edilib.Onlayn informasiya platformalarında nifrət nitqinə qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır. Qanun sosial platformalara 24 saat ərzində nifrət məzmununu silmək öhdəliyi yaradır. Konstitusiya Şurası ifadə azadlığını məhdudlaşdırma riskinə görə qanunun bəzi müddəalarını ləğv edib. Buna baxmayaraq, “Avia Qanunu” platformaların məsuliyyətini ön plana çıxardır ( https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000042031970). “İnfluencerlər haqqında Qanun” 2023-cü ildə qəbul edilib. Sosial şəbəkələrdə kommersiya fəaliyyətlərinin şəffaflığını təmin etməyə yönəlib: “Rəqəmsal yetkinlik yaşı qanunu” ( Majorité numérique) 2023-cü ildə qəbul edilib. Bu qanuna əsasən, sosial şəbəkələrdə qeydiyyat üçün minimum yaş həddi 15 yaş müəyyən edildi. 15 yaşdan aşağı şəxslərin platformalara daxil olması valideyn razılığı ilə mümkündür. Bu addım uşaqların şəxsi məlumatlarının qorunmasını gücləndirir ( https://www.nomosparis.com/en/the-introduction-of-a-digital-age-of-majority-and-new-obligations-for-social-networks/). “Rəqəmsal məkanın təhlükəsizliyi və tənzimlənməsi Qanunu” (Loi SREN) 2024 –cü ildə qəbul edilən ən yeni normativ aktdır. Rəqəmsal məkanın təhlükəsizliyini artırmağa yönəlib. - uşaqlar üçün zərərli kontentin bloklanmasını,
- kiberfırıldaqçılığa qarşı tədbirlər,
- dövlət monitorinq imkanlarının genişləndirilməsini ehtiva edir. İnzibatiidarələrvə institusionalmexanizmlər Fransada“Milli informasiya sistemlərinin təhlükəsizliyi Agentliyi” (ANSSI) 2009-cu ildə yaradılıb. ANSSI rəqəmsal infrastrukturun qorunması ilə yanaşı, dezinformasiyaya qarşı mübarizədə koordinasiya funksiyasını icra edir. 2017-ci il prezident seçkiləri zamanı xarici mənbəli saxta kampaniyaların aşkarlanması bu qurumun əhəmiyyətini daha da artırıb ( https://www.sgdsn.gouv.fr/notre-organisation/direction/services-competence-nationale ). VIGINUM ( Xarici rəqəmsal müdaxiləyə qarşı Xidmət ) 2021-ci ildə yaradılıb, xarici təsir əməliyyatlarını izləyir. Onun səlahiyyətləri: - sosial media üzərində monitorinq,
- manipulyativ informasiyaların aşkar edilməsi və bloklanması,
- ictimai maarifləndirmə və sair kimi məsələləri əhatə edir. 2022-ci il prezident seçkilərində Viginum beş xarici müdaxilə cəhdini qeydə aldı və bu, qurumun ilk real sınağı oldu. Faktlardan aydın olur ki, Fransa sosial medianın tənzimlənməsi üzrə çoxvektorlu model qurub. Buraya hüquqi aktlar (LCEN-2004, Fake News, Avia, Majorité numérique və SREN qanunları) və inzibati idarələr (ANSSI, Viginum, ARCOM) də daxildir. Tənqidi baxışlar Fransanın sosial media tənzimlənməsi üzrə addımlarını Avropa İttifaqının qəbul etdiyi Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uzlaşdırdığın elan etsə də, onlayn informasiya resurslarına nəzarət, o cümlədən, sosial şəbəkələrin tənzimlənməsinə yönəlik qanunvericilik təşəbbüsləri geniş ictimai debatlara və tənqidlərə səbəb olur. Tənqidçilər Fransanı informasiya üzərində “həqiqət monopoliyası” yaratmaqda, senzura riskini artırmaqda ittiham edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, belə qanunlar ifadə azadlığına zərər vurmadan yalnız açıq-aşkar yanlış məlumatlara qarşı tətbiq edilməlidir.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
3
9
metbuat.az

10Mənbələr