Rusiya aparılan təmir işləri ilə əlaqədar sentyabrın 16-dan etibarən Ermənistana təbii qazın nəqlini müvəqqəti dayandırıacaq.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un törəmə şirkəti “Qazprom Ermənistan” QSC-nin mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb.
Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəmərində (DN 1400) təmir işləri sentyabrın 16-sı saat 09:00-dan 26-sı səhər saat 09:00-dək aparılacaq.
“Qazprom Ermənistan” açıqlayıb ki, göstərilən müddət ərzində Ermənistanda istehlakçılara qazın tədarükü daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz hesabına həyata keçiriləcək.
Ümumi uzunluğu 612 kilometr olan Şimali Qafqaz-Zaqafqaziya qaz kəməri Gürcüstan ərazisindən keçməklə Rusiyadan Ermənistana keçir. Kəmər 1988-ci ildə tikilib. Qaz kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetrdir.