Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Niderlandın Haaqa şəhərində Azərbaycan musiqisinin incisi sayılan "Leyli və Məcnun" operası nümayiş olunub.
Hafta.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycan müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin milli musiqimizin dünyada tanıdılmasına və azərbaycançılıq məfkurəsinə verdiyi töhfələrdən danışıb. Bəstəkarın doğulduğu Şuşada yubiley tədbirlərinin keçirilməsinin tarixi və mənəvi əhəmiyyət daşıdığını qeyd edib, bunun həm də qayıdışımızın rəmzi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri, musiqiçi Firəngiz Bağırova "Leyli və Məcnun" operasının tarixi əhəmiyyətindən söz açıb. Bu əsərin yalnız Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk operası kimi musiqi tarixində silinməz izlər qoyduğunu deyib.
Tədbirin bədii hissəsində Niderland və Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında "Leyli və Məcnun" operasından təqdim olunan parçalar böyük maraqla qarşılanıb. Leyli obrazını Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir, Məcnun obrazını isə sənətçi Nəhmətəğa Əliyev canlandırıblar. Onları tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova müşayiət edib.
Gecənin sonunda bu tədbirin ərsəyə gəlməsində əməyi olan Firəngiz Bağırovaya, ifaçılara və musiqiçilərə xüsusi təşəkkürnamələr təqdim olunub.