ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Zəngəzur dəhlizi” ifadəsi əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” anlayışından istifadə etməyi təklif edib.
Onun sözlərinə görə, bu anlayışlar arasında prinsipial fərq var: “dəhliz” suverenliyə məhdudiyyətlər nəzərdə tuta bilər, “nəqliyyat qovşağı” isə əraziyə və kommunikasiyalara nəzarətin tamamilə Ermənistanda qalması deməkdir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan tərəfi bu məsələ ətrafında uzun müddətdir söz oyunlarına baş qoşur və onlardan həm vaxt udmaq, həm də maraqlarına xeyir verən məsələləri gündəmə gətirmək üçün istifadə edir:
"Əlbəttə, açıq etiraf etməliyik ki, Levon Ter-Petrosyan erməni siyasi elitasında seçilən və hörmətli simalardan biridir. Onun savadı və siyasi bacarığı digər prezidentlərdən, xüsusilə Robert Koçəryan və Serj Sarkisyanla müqayisədə daha yüksəkdir və onun sözündə həqiqət var. Müəyyən mənada siyasi aləmdə terminologiyanın böyük və bəzən strateji rolu olduğunu qəbul etmək olar. Levon Ter-Petrosyanla razılaşmaq mümkündür. Əvvəlki illərdə Azərbaycan, Türkiyə də açıqlayırdı ki, Ermənistanın ərazi bütövlüyünə iddiamız yoxdur. Lakin müharibədə qalib tərəf Azərbaycandır və post-müharibə dövründə qalibin sözləri ilkin olaraq nəzərə alınmalıdır. Tarixi ifadə ilə desək, qalib tərəflərin rəhbərlərinin mürəkkəbi tarix yazır və biz artıq bunu etmişik. Əgər müxtəlif elementlərdən söhbət gedirsə, Ermənistan ilk növbədə Azərbaycanın dediyinə fikir verməli, hətta razılaşmalıdır. Çünki bəzən məğlub tərəf dirəniş göstərir və məsələni qəlizləşdirməyə çalışır. Güclü tərəf isə istədiyinə nail olmaq üçün güc tətbiq edə bilər və bu, onun haqqıdır. Bizim də bu proseslərdə haqqımız var".
Siyasi şərhçinin sözlərinə görə, əsas məsələ ondadır ki, Ermənistan sabotajla məşğul olmasın:
"Dəhliz Azərbaycana son dərəcə vacibdir. İlk dəfə Zəngəzur dəhlizi 10 noyabr 2020-ci ildə gündəmə gəlib. Müharibənin başa çatması ilə bağlı Ermənistan kapitulyasiya aktına imza atmalı oldu və doqquzuncu bənd Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında hərəkəti asanlaşdırır və qaçılmaz edir. Ermənistan bunu qeyd-şərtsiz həyata keçirməlidir. Lakin beş il keçməsinə baxmayaraq, Ermənistan prosesin qaydalarını pozur, cığallıq göstərir və kənar qüvvələri müdafiəyə cəlb etməyə çalışır. Azərbaycan isə nəqliyyat qovşağı yaratmaqla bölgədə güclü mövqe formalaşdırıb və bu imkanları zaman-zaman həyata keçirməyə planlaşdırır. Bu səbəbdən Naxçıvanla əlaqə üçüncü tərəfdən, o cümlədən Ermənistanın istəyindən asılı olmamalıdır. Ter-Petrosyan bunu deyirsə, desin, problem yoxdur. Lakin Azərbaycan öz haqlı tələbindən dönməyəcək və dəhliz işləməlidir. Naxçıvanla kommunikasiya xəttində heç bir digər dövlətin nəzarətçisi, gömrükçüsü və ya sərhədçisi olmamalıdır. Bu, Azərbaycanın təbii haqqıdır və buna nail olunacaq".
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.