"Baş verən hadisə çox ciddi hadisədir, sıradan bir hadisə deyil. Bir anlıq düşünək ki, Azərbaycan polisi ayıq-sayıqlıq nümayiş etdirməsəydi, bu, nələrə səbəb ola bilərdi. Yəni buna sıradan bir hadisə kimi yanaşmamalıyıq. Düşünürəm ki, cəmiyyətin buna daha sərt, daha kəskin reaksiyası olmalı idi. Bu baş tutsaydı, görün nə qədər insan həyatını itirə bilərdi”.
Hurriyyet.Az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, bu şəxsin digər ölkələrlə əlaqəsi, kimlər tərəfindən idarə olunması ilə bağlı çox ciddi araşdırma aparılmalıdır:
“Bu kimi halların baş verməməsi üçün çox sistemli bir nəzarət planının qurulmasına ehtiyac var. Təəssüf ki, bu insanlar Azərbaycan çörəyi yesələr də, Azərbaycan ərazisində yaşasalar da, hələ də bizə nifrət bəsləyirlər. Bu da onu göstərir ki, biz hələ çox çalışmalıyıq ki, bu kimi hadisələrin qarşısını ala bilək”.
Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin insident törətmək cəhdinin qarşısı alınıb. O, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Cavidan Mirzəzadə