AZ

Ermənistan Azərbaycanın və Türkiyənin şərtlərini bir-bir yerinə yetirir...


Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısında qoyduğu tələblər bir-bir yerinə yetirilir. Bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.

Deputat, Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib: Vardanyan bu tələbləri aşağıdakı kimi sıralayıb: “Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb. Türkiyə “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb. Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır. Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb. Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin5 yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb. Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir”.

Bu arada bəlli olub ki, noyabrın 1-dən Ermənistan dövlət sərhədi ştamplarından Ararat , yəni Ağrı dağının təsviri çıxaracaq. Onun yerinə erməni və ingilis dillərində “Ermənistan” sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) yazılacaq. Bu barədə Ermənistan hökuməti artıq müvafiq qərar çıxarıb. Ermənistanın milli simvolu sayılan Ağrı dağı onun gerbində də təsvir olunub. Halbuki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu dəyişiklik Ermənistan-Türkiyə münasibətlərin normallaşdırılması fonunda gerçəkləşdirilir. Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır. 2022-ci ildən iki ölkənin hava əlaqəsi bərpa olunub, xüsusi nümayəndələr əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparırlar. Artıq Türkiyənin Ermənistanla əlaqələrinin tənzimlənməsi üzrə xüsusi elçisi irəvanda eyni missiyanı icra edən həmkarı ilə görüşüb. Bu, tərəflər arasında 2022-ci ildə danışıqlar başlanandan İrəvanda ilk görüşdür. Serdar Kılıç Ermənistanın Xarici İşlər Nazirliyində Ruben Rubinyan, daha sonra xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Tərəflər sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşmanın dəqiq icra tarixləri, yaxud yeni bir siyasi razılaşma haqda bilgi verməyiblər. Rəsmi xəbərdə deyilir ki, onlar ikitərəfli münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlər zamanı işlənib hazırlanmış və razılaşdırılmış məsələləri təsdiqləyiblər. İki il öncə İrəvan və Ankara Ani körpüsünün bərpası üzrə razılığa gəlmişdilər. Son danışıqlardan sonra həmin razılaşmaya təhsil komponenti də əlavə olunub. Yaxud ötən ilin yayında xüsusi nümayəndələr Gümrü–Qars dəmir yolu üzrə sərhəd keçidinin texniki şərtlərinin birgə qiymətləndirilməsi barədə razılığa gəlmişdilər. Son bəyanatda da təxminən eyni fikirlər səsləndirilib. Bu kontekstdə 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhədin demarkasiyası ilə bağlı razılaşmanın icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr həmçinin iki ölkənin müvafiq qurumlarının Gümrü-Qars dəmir yolu və elektrik xəttinin bərpası və istismarı üçün lazımi texniki araşdırmalar aparması barədə razılaşıblar. Bundan başqa, mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi, xüsusən də ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi Ani-İpək yolu körpüsünün birgə bərpası yolu ilə səylərin göstəriləcəyi barədə razılaşma əldə edilib. Serdar Kılıç və Ruben Rubinyan 2026-cı ilin yayından müxtəlif istiqamətlərə uçuşlar həyata keçirə biləcək digər maraqlı şirkətlər üçün lazımi işlərin görülməsinə razılaşıblar ki, bu da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artıracaq. Sonda xüsusi nümayəndələr heç bir ilkin şərt olmadan bu prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər.

Bir daha qeyd edək ki, 30 ildən artıq diplomatik əlaqələri olmayan İrəvan və Ankara 44 günlük Qarabağ müharibəsindən sonra münasibətlərin tənzimlənməsi üzrə danışıqlara başlayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzaladıqdan sonra Emənistan-Türkiyə münasibətləri də dinamik inkişaf edəcək. Onun sözlərinə görə, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir. Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına görə Azərbaycan prezidenti İlham Əliyevə və ABŞ lideri Donald Trampa təşəkkür edib. Fidan hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir: “Ermənistan-Azərbaycan arasında müqavilə yekunlaşan kimi biz Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq”. Ekspertlər qeyd edir ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması Cənubi Qafqaz regionunun gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Uzun illərdir davam edən gərginlik, sərhədlərin bağlı qalması və diplomatik əlaqələrin olmaması təkcə bu iki ölkəni deyil, həm də bütün regionu siyasi, iqtisadi və təhlükəsizlik baxımından ciddi şəkildə təsirləndirib. Bu səbəbdən münasibətlərin normallaşması bölgədə sülh, əməkdaşlıq və inkişafın möhkəmlənməsi üçün mühüm imkanlar açır. Münasibətlərin normallaşdırılması Cənubi Qafqazda sabitliyin təmin edilməsinə mühüm töhfə verə bilər. Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurması və sərhədlərin açılması, ölkəni regiondakı təcriddən çıxararaq daha balanslı siyasət yürütməsinə imkan yaradacaq. Bu isə Ermənistanın destruktiv siyasətdən çəkilərək daha çox əməkdaşlıq yönümlü mövqedə dayanmasına səbəb ola bilər. Bununla yanaşı, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması perspektivi də Türkiyə ilə münasibətlərin yaxşılaşması fonunda daha real görünür. Beləliklə, Cənubi Qafqazda münaqişələr yerini dialoqa və əməkdaşlığa verə bilər. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün geniş iqtisadi imkanlar deməkdir. İlk növbədə sərhədlərin açılması Ermənistan üçün yeni bazarların yaranması, nəqliyyat xətlərinə çıxış imkanlarının bərpası deməkdir. Ermənistan uzun müddətdir qapalı iqtisadi mühitdə fəaliyyət göstərir və bu, onun inkişafını məhdudlaşdırıb. Türkiyə ilə sərhədlərin açılması həm ticarət dövriyyəsini artıracaq, həm də Ermənistanın regiondakı enerji və nəqliyyat layihələrinə qoşulmasına şərait yaradacaq. Bununla yanaşı, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənən Zəngəzur dəhlizinin açılması perspektivi Ermənistanın regional iqtisadi əməkdaşlığa inteqrasiyasını daha da sürətləndirə bilər. Bu dəhliz həm Avropa, həm də Asiya üçün strateji logistika xətti olacaq və Ermənistan da bu layihədən fayda götürə bilər.

Tahir TAĞIYEV

Seçilən
19
baki-xeber.com

1Mənbələr