AZ

"Qarabağ qaziləri" açıqlama YAYDILAR

Azərbaycan Respublikası "Qarabağ qaziləri" İctimai Birliyi son günlər sosial şəbəkələrdə başlamış məcburi köçkünlərlə bağlı söyüş və təhqir dolu müzakirələrdən ciddi narahatdır.

Qaziler.az xəbər verir ki, bununla bağlı birliyin İdarə Heyətinin açıqlaması yayılıb.

Açıqlamada deyilir:

“Son günlər sosial şəbəkələrdə başlamış məcburi köçkünlərlə bağlı söyüş, təhqir dolu müzakirələrdən ciddi narahatıq. Cəmiyyətimizdə ciddi narazılıq doğuran bu məsələ jurnalist olduğu deyilən bir xanımın guya "həqiqəti" deyirmiş kimi, əslində isə kobud səhvlərlə müşayiət olunan çıxışından sonra başladı. Tam araşdırılmayan bir fakta görə bütöv bir təbəqəni hədəf alaraq yalan dolu ağır ifadələrlə necə təhqir etmək olar?!

Bu qadının çıxışlarından sonra onun fikirlərinin dəstəklənməsi kompaniyasına start verildi. 1 milyon qarabağlı köçkünlər söyülərək təhqir olundular. Bu da insanları qarşı-qarşıya qoymaq, düşmən dəyirmanına su tökmək deməkdir. Düşmən isə həmişə ayıqdır. 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra milli həmrəyliyimizi pozmaq istəyənlər çoxalıb. Bu məqsədlə də həmişə cəmiyyət üçün həssas olan məsələlərdən istifadə etməyə çalışırlar.

Biz əvvəlcə düşünmürdük ki, sözügedən çıxışların müəllifi olan qadın bütün bunları məqsədli şəkildə edir. Düşünürdük ki, emosional bir çıxışdı, oldu, bitdi. Amma yox, bu adam etdiyi səhvə, kobud sözlərə görə üzr istəmək əvəzinə, daha da sərt və yalan dolu ittihamlarını davam etdirir. Artıq görünən odur ki, ya onu qarışdıranlar var, ya da hansısa dairələrin təsirinə düşüb. Bəlkə də, elə əvvəldən təsirindəymiş.

Bütün bunlar isə bizi – vətən torpaqlarının müdafiəsi, azadlığı uğrunda qan tökmüş Qarabağ qazilərini çox narahat edir. Biz o qanlı döyüş meydanında Azərbaycanımızın bütün qeyrətli  talış, ləzgi, yəhudi, rus, ukrayn, türk və digər vətənpərvər övladları ilə birgə çiyin-çiyinə döyüşdük. Qarabağımızın üzərini qara buludlar alanda qarabağlılarla yanaşı bakılı, şəkili, şamaxılı, gəncəli, qaxlı, qusarlı, lənkəranlı, sabirabadlı - bütün bölgələrdən olan Vətən sevdalıları döyüş meydanlarında can verib, can aldılar.

Biz dünən də, bu gün də bir yerdəyik, sabah da bir yerdə olacağıq!

Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 44 günlük Vətən Müharibəsindən sonra da gecə-gündüz dövlətimizin və millətimizin naminə çalışır.

Dünyanın okean kimi bu təlatümlü vaxtında, yaxın və uzaq qonşularımızda müharibə gedən belə bir məqamda vətənimizdə milli birliyimizə necə xələl gətirən addımlar atmaq olar? Elə düşmənlərimizə də bu lazımdır. Bu, əsla yolverilməzdir!

Hamıdan xahiş edirik, bu ittihamlar dayandırılsın!

Dövlət orqanlarından xahiş edirik ki, dövlətimiz və cəmiyyətimiz üçün narahatlıq doğuran bu məsələni ciddi nəzarətə götürüb 1 milyon məcburi köçkünü təhqir edən, onları hədəfə alan şəxslər barəsində tədbirlər görülsün".

QAZİLER.AZ

Seçilən
1
1
qaziler.az

2Mənbələr