AZ

Buludlu görmə? katarakt ola bilər

Gözləriniz dünyaya açılan pəncərələrdir. Onlar bulanıqlaşdıqda oxumaq, sürmək və gündəlik fəaliyyətləri yerinə yetirmək çətinləşə bilər.

E-saglam.az xəbər verir ki, bulanıq görmənin yayılmış səbəblərindən biri kataraktdır – bu, göz linzasında yaranan bulanıqlıqdır. Katarakt yaşlanmanın normal bir hissəsi olaraq meydana gəlir. Linzadakı zülallar zamanla parçalanır və bir araya gələrək görmənin bulanmasına səbəb olur.

Yaş artdıqca kataraktın inkişaf riski də yüksəlir. ABŞ-da 80 yaşdan yuxarı insanların yarısından çoxunda ya katarakt var, ya da əməliyyatla çıxarılıb. NIH-də göz cərrahı Dr. Chantal Cousineau-Krieger bildirir: “Kifayət qədər uzun yaşayan hər kəs kataraktla qarşılaşır.”

Bəzi insanlar daha erkən yaşda katarakt inkişaf etdirə bilər. Siqaret çəkmək və günəş işığına çox məruz qalmaq riski artırır. Həmçinin bəzi göz əməliyyatları, yaralanmalar və bəzi dərmanlar da katarakta səbəb ola bilər.

Kataraktın simptomları

Katarakt ilk mərhələdə əlamətlər göstərməyə bilər. Zaman keçdikcə aşağıdakı simptomlar müşahidə edilə bilər:

Görmənin bulanıq və ya dumanlı olması

Rənglərin solğun görünməsi

Gecələr görmənin çətinləşməsi

Lampalar, günəş işığı və farların çox parlaq görünməsi

İşıq mənbələrinin ətrafında halo görünməsi

Eyni obyekti ikiqat görmə

Bu simptomlar digər göz problemlərinin də əlaməti ola bilər. Görmə problemləri hiss edilərsə, mütləq göz həkiminə müraciət etmək lazımdır.

Müalicə və qarşısının alınması

Yüngül katarakt üçün böyüdücü linza və parlaq işıqlar evdə görməyə kömək edə bilər. Günəş eynəkləri isə parıltını azaldaraq xaricdə görməni yaxşılaşdırır.

Gündəlik fəaliyyətə mane olacaq qədər irəliləmiş katarakt isə cərrahi əməliyyatla müalicə olunur. Cərrahlar ultrasəs və ya lazer texnologiyası ilə buludlu linzanı parçalayır və onun yerinə yeni plastik linza yerləşdirirlər.

Dr. Cousineau-Krieger bildirir: “Katarakt əməliyyatı zamanı xəstələr oyaq qalır, lakin rahat olmaları üçün lazımi dərmanlar verilir. Bu, ağrısız bir prosedurdur və bərpa prosesi asandır. Əksər xəstələr əməliyyatdan ertəsi gün görmələrinin yaxşılaşdığını görürlər.”

Hazırda NIH tərəfindən maliyyələşdirilən tədqiqatlar, göz zülallarının yığılmasını və kataraktın yaranmasını daha yaxşı anlamağa yönəlib. Məqsəd kataraktın qarşısını ala biləcək və ya hətta onu geri çevrilə biləcək dərmanlar hazırlamaqdır. Dr. Cousineau-Krieger əlavə edir: “Hal-hazırda kataraktı tərsinə çevirmək mümkün deyil, amma irəliləyişini yavaşlatmaq mümkündür.”

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
22
e-saglam.az

1Mənbələr