Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunub.
NOCOMMENT.az editor.az-a istinadən xəbər verir ki, uzun illərdir təhsil sistemində rəhbər vəzifələrdə çalışan 70 yaşlı F.Şahbazlı ilə əmək müqaviləsinə yaş həddi ilə bağlı xitam verilib.
O, beş il öncə təqaüd yaşına çatsa da, hər dəfə əmək müqaviləsinin müddətini uzatmağa nail olmuşdu.
Qeyd edək ki, Faiq Şahbazlı 25 aprel 1955-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub.
F.Şahbazlı müxtəlif illərdə Təhsil Nazirliyində Elm idarəsinin rəis müavini (1997-1999), baş məsləhətçi (1999-2006), Dərslik və nəşriyyat şöbəsinin müdiri (2006-2015) vəzifələrində çalışıb. Daha sonra Təhsil Problemləri İnstitutunda (indiki Təhsil İnstitutu) direktor müavini, həmçinin Elmi-Pedaqoji Mərkəzin direktoru (2015-2018) olub.
2018-ci il mayın 21-də Təhsil Nazirliyinin əmri ilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilmişdi.