AZ

İslamda ən yaxşı sədəqə birdəfəlik olan yox, davamlı olandır - İlahiyyatçı

Xəbər verdiyimiz kimi, Fatmayı kəndində 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş xanımı Firəngiz Allahverdiyeva üçün təmtəraqlı ehsan verməkdənsə, kəndin yoluna asfalt çəkdirməyi seçib. O, bu addımı qızlarının məsləhəti ilə atdığını bildirib. 

Həyat yoldaşı vəfat edən şəxs ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib. Allahverdiyevlər ailəsinin bu addımı kənd sakinləri tərəfindən mərhumun xatirəsinə ehtiram və cəmiyyət üçün faydalı bir iş kimi dəyərləndirilib. Onu da vurğulayaq ki, Fatmayı kəndində artıq 3 ildir ki, ənənəvi ehsan mərasimləri ləğv edilib. 

Məsələylə bağlı Adalet.az-a danışan ilahiyyatçı Tural İrfan İlahi kitabımız olan Quranda ehsanın yaxşılıq sözünün sinonimi kimi işləndiyini bildirib. 

Onun sözlərinə görə, bütün təmənasız yaxşılıqlar ehsan adlanır:

“Müqəddəs kitabda bütün müsəlmanlara ədalətli olmaq və ehsan, yəni yaxşılıq etmək əmr olunur. Xüsusi olaraq valideynlərə də ehsan etmək buyurulur. Amma təhrif olunaraq bizdə ehsan yalnız yemək süfrəsi kimi yadda qalıb. Xüsusən də yas yerində verilən yeməyə ehsan deyilir, yerdə qalan yaxşılıqlar sanki ehsan deyil. Əslində isə ehsana yol çəkmək, bulaq tikmək, yetimi oxutmaq, kasıba əl tutmaq kimi əməllər də daxildir”.  

İlahiyyatçı bildirib ki, İslamda ən yaxşı sədəqə və ehsan yemək süfrəsi kimi birdəfəlik olan yox, davamlı olandır:

“Buna "sədəqei cariyə" deyilir. Yəni, axıcı, davamlı yaxşılıq. Tutaq ki, yol çəkmək, bulaq tikmək kimi. O yol, bulaq kimin adına ehsan edilibsə camaat istifadə etdikcə həmin mərhuma yaxud sağ şəxsə savab yazılır. Bir neçə il əvvəl deputat Razi Nurullayevin valideyni vəfat edərkən dəbdəbəli ehsan əvəzinə sadə süfrə ilə kifayətlənib kəndin yolunu təmir edib düzəltdirmişdilər. Belə nümunələr var. Bakının Fatimayı kəndində də yeni bir nümunə ilə qarşılaşdıq. Vəfat etmiş həyat yoldaşının adına dəbdəbəli ehsan əvəzinə ailə küçənin yollarını asfalt etdirib. Əsl ehsan, İslam dininə uyğun olan, xalqımızın xarakterinə münasib əməl bax budur. Çalışmaq lazımdır ki, belə nümunələr çox olsun. Əsasən imkanlı adamlar gərək qabağa düşsünlər. Qəbristanlıqlara, dəbdəbəli yas məclislərinə sərf olunan, israf olunan vəsaitlər toplansa əhali kəndi, qəsəbəni, yolları nizama sala, abadlaşdıra həm dünyasını dəyişən yaxınlarına əbədi rəhmət qazana bilərlər”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
29
1
adalet.az

2Mənbələr