AZ

Cəngavər kəşfiyyatçı

Şəhidlik məqamı!..Bu məqam İnam ucalığı, İdrak ucalığı, Mənəviyyat ucalığı, İradə ucalığıdır. 44 günlük Vətən müharibəsində Şəhidlərimiz şəraitə qarşı durdular, Mühitə qarşı durdular. Şəhadətlərilə İnamı yaşatdılar, İdrakı yaşatdılar, Mənəviyyatı yaşatdılar, İradəni yaşatdılar, -Şəhidlik ucalığı yaratdılar. Həqiqət budur; Şəhidlik məqamı Şəhidlik ucalığını fəth eləyir...

Samux rayonunun Əhmədbəyli kənd məzarlığında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi şərəfli ömür yolu keçərək əbədiyyətə qovuşan iki Şəhid məzarı var. Kənd camaatının səcdəgah yerinə çevrilən bu qoşa məzar hünəri və rəşadəti ilə boya-başa çatdığı el-obasına baş ucalığı gətirən Eltun İsgəndərovun və Elməddin Mürsəlzadənin "son evi"dir.

No

Eltun Xaləddin oğlu İsgəndərov 21 oktyabr 1990-cı ildə anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətə getmiş, Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissəsində xidmət etmişdir. O, xidmət etdiyi dövrdə özünü nümunəvi əsgər kimi göstərmiş, hərbi hissə komandanlığı tərəfindən "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı ilə təltif edilmişdir. 18 iyun 2009-cu ildə Dövlət sərhəddini pozan bir qrup qatı cinayətkara qarşı mübarizə zamanı əməliyyatda iştirak edən komandir və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına şəhid olmuşdur. 25 iyun 2009-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ona şəhid olduqdan sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Eltun İsgəndərov Azərbaycanın XXI əsrdəki ilk, həmçinin Samux rayonunun yeganə Milli Qəhrəmanıdır.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun möhtəşəm qələbəsinin beşinci ildönümünü qeyd etməyə kökləndiyimiz ərəfədə bu savaşda sinəsini sipər edən, fəxarətlə andığımız döyüşçülərdən biri - kəşfiyyatçı Elməddin Cəsur oğlu Mürsəlzadə haqqında bir az təfərrüatı ilə söz açmaq istəyirəm.

No

O, 7 avqust 2000-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 2006-cı ildə kənd tam orta məktəbinin birinci sinifinə getmiş, 2017-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Daha sonra Elməddin Gəncə Dövlət Universitetinin pedoqoji fakültəsində "Bədən tərbiyəsi və idman müəllimliyi" ixtissı üzrə təhsilini davam etdirmişdir. I kursu bitirdikdən sonra qiyabi təhsil aldığına görə 16 oktyabr 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.

Naxçıvandakı "N" saylı hərbi hissədə hərbi xidmətə başlayan Elməddin Mürsəlzadə öz istəyi ilə kəşfiyyatçı qrupuna seçilənlər sırasında xidmət edir. 16 mart 2020-ci ildə həqiqi hərbi xidmət dövrünü bitirərək ordu sıralarından tərxis olunmuşdur.

27 sentiyabr 2020-ci il!..

Ermənistan Silahlı Qüvvələrinin aramsız təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu cavab tədbirləri həyata keçirən zaman könüllü cəbhəyə getmək istəyənlərdən biri də kəşfiyyatçı kimi püxtələşmiş qeyrətli vətən oğlu Elməddin Mürsəlzadə idi. O, 29 sentyabrda ali təhsilini davam etdirməkdən imtina edərək hərbi komissarlığa müraciət etmiş, döyüşlərə qatılmaq istədiyini bildirmiş və bir neçə gün sonra Gəncədəki "N" saylı hərbi hissədən cəbhəyə yollanmışdır. Onun döyüş yolu Füzuli-Cəbrayıl istiqamətindən başladı. Döyüşlər aramsız, intensiv olaraq aparılırdı. Cəbyayıl şəhərinin azad edilməsi zamanı kəşfiyyatçı kimi davamlı olaraq düşmən arxasına keçən Elməddinin ötürdüyü dəqiq kordinatlar qazanılan uğurlara, çoxsaylı erməni əsgərlərinin məhv edilməsinə səbəb olurdu.

Döyüş yoldaşı Bədir Qəhriyevin dediklərindən:

-Biz Elməddinlə birlikdə "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi fəaliyyətə başlamışıq. Hərbi hissə komandirimiz polkovnik-leytenant Şahin Qəhrəmanov, kəşfiyyat komandirimiz polkovnik-leytenant Ruslan Tağıyev, kəşfiyyat bölük komandirimiz isə leytenant Vüqar Hüseynov idi. Bizim hərbi hissə Müdafiə Nazirliyi tərəfindən təsdiqini tapan ən çox piyada yol qət edən hərbi hissələrdən biri oldu. Çünkibiz 100 km-dən çox piyada halında irəliləyən və əməliyyatları uğurla həyata keçirən hərbi hissə kimi dəyərləndirilirdik.

No

Elməddin qorxmaz, mərd, döyüş qabiliyyəti yüksək olan bir kəşfiyyatçı idi. Mən onunla həmişə fəxr edəcəyəm...

Döyüş yoldaşı Ülvi Süleymanovun dediklərindən:

-Kəşfiyyatçı qardaşım Elməddin Mürsəlzadə haqqında xatirələrim çoxdur...

Yadımdadır, oktyabrın 13-dən 14-nə keçən gecə düşmən arxasına göndərilən, hər qrupda dörd nəfər olmaqla iki qrup müəyyənləşmişdir. Elməddin də o qruplardan birinin tərkibində idi.

İlk əməliyyat uğurla, itki vermədən həyata keçirilmişdir. Cəsur kəşfiyyatçı Elməddinin peşəkarlığı hər addımda özünü büruzə verirdi. Biz ona çox güvənirdik. Onun özü də belə kəşfiyyat anlarından sərbəst və fəallıqla döndüyündən könül rahatlığıyla qürrəlnirdi. Fəqət... oktyabrın 15-dəki əməliyyatda düşmənin atdığı snayper gülləsi əziz cəbhədaşımı haqladı və o qəhrəmancasına Şəhid oldu.

Məkanı cənnət olsun!

Atası Cəsur kişinin dediklərindən:

- Elməddin lap uşaqlıqdan işgüzarlığı, qayğıkeşliyi ilə seçilirdi. Qüruru və vətənpərvərliyi ilə diqqəti cəlb edirdi. Anası Əfsanəyə, bacısı Ayselə qarşı səmimiyyəti, sevgisi, eləcə də ətrafdkı insanlara qarşı doğma, mehriban münasibəti bir ata kimi məni sevindirirdi.

Eltun Şəhid olanda Elməddin doqquz yaşında idi. O, Eltunun sərhədçi hərbi formasında olan şəkillərinə baxıb onunla fəxr edir, qürur hissi keçirirdi. Heç də təsadüfi deyil ki, belə anlarda gizlətmədən "mən də onun kimi hərbçi olacağam, Eltunun şəhidliyi elimizin baş ucalığıdır" deyirdi. Hərbçi olaraq vətənə xidmət etmək onun amalına, məramına çevrilmişdi. Bu, Şəhidlik məqamıydı, ona görə də tək oğlum ömrünü vətən yolunda fəda etdi.

Cəngavər kəşfiyyatçı Elməddin Mürsəlzadə Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğurunda", "Cəbryılın azad olunmasına görə", "Hərbi xidmətə görə" medalları ilə təltif olunub.

Nur içində uyu, əziz Vətən Oğlu!

Sabir Arazlı Özgün

Seçilən
64
turkustan.az

1Mənbələr