AZ

Səbail rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Səbail
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Həmçinin obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir. Odsöndürən balonların tərkibi isə yenisi ilə əvəzlənməyib. Tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb və obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir. Zirzəmidə isə yanar materialların saxlanılmasına yol verilir. Obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur. Yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb, əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Eyni zamanda, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Seçilən
4
21
1news.az

10Mənbələr