AZ

FHN-in əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər - FOTOLAR

Sentyabrın 7-dən 12-dək Bolqarıstanın Montana şəhərində bu ölkənin Daxili İşlər Nazirliyinin və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantika Mərkəzinin (EADRCC) birgə təşkilatçılığı ilə “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə edilməsi - BULGARIA 2025” təlimi keçirilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimə FHN-nin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.

Təlimin rəsmi açılış mərasimində çıxış edən Bolqarıstanın daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunan iştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahə təliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevik reaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindən danışıb.

Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinska növbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət və qəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyə biləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.

Təlim planına uyğun olaraq, “Yerli Fövqəladə Halların İdarə olunması” (LEMA), “Sahə Koordinasiya Mərkəzi” (OSOCC), “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC), “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) və “Birgə Hava/Dron Əməliyyatlarının Koordinasiya Mərkəzi”nin (Joint Air/Drone Operations Coordination Centre) imkanlarından istifadə etməklə təlimə qatılan xilasetmə qruplarının əməliyyatları koordinasiya olunub.

Təlim müddətində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti axtarış-xilasetmə işlərinə fəal cəlb olunaraq, şərti nəqliyyat qəzaları və zəlzələ hadisələri zamanı dağıntılar altında qalan zərərçəkmişlərin xilas edilməsi, həmçinin “Şəhər Koordinasiya Mərkəzi”nin (UCC) fəaliyyətinin təşkilinə dəstək əməliyyatını uğurla icra edib. Bundan başqa, təlimə cəlb olunan FHN-in digər əməkdaşları “Qiymətləndirici” və “Müşahidəçi” qismində iştirak edərək təlimin gedişatına öz töhfələrini veriblər.

Təlimdə TƏBİB-in tibb qrupu tərəfindən “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) tərəfindən əldə olunan şərti məlumatlar əsasında dağıntı zonalarına cəlb olunaraq, zərərçəkmişlərə tibbi müdaxilə edərək onların təcili tibbi yardım avtomobili ilə müvafiq tibb mərkəzlərinə çatdırılması təmin olunub.

Təlim uğurla yekunlaşıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Seçilən
3
11
sia.az

10Mənbələr