AZ

Xətai və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 16 sentyabr, AZƏRTAC

Paytaxtın Xətai rayonunda evlərin birindən oğurluq olub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının talandığını deyib. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə. Göyüşov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N. Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakının Nəsimi rayonunda isə şirkətlərdən birinə məxsus olan yük avtomobilindən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3 min 200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M. Səfərov müəyyən edilərək saxlanılıb.

Rayon ərazisindəki kafelərin birindən isə paytaxt sakininə məxsus içərisində 300 manat və sənədlər olan çantanı talamaqda şübhəli bilinən 50 yaşlı K. Şükürov da polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

Seçilən
16
12
azertag.az

10Mənbələr