Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-2029-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilmişdir.
Bu barədə Marja.az Ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlara istinadən xəbər verir.
Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat (cari məzənnə ilə 78,9 milyard ABŞ dolları), o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.
2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata (cari məzənnə ilə 95,2 milyard ABŞ dolları), qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır.
2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı gözlənilir.