AZ

Bir kişinin COVID-19 infeksiyası 2 il davam edərək rekord qırdı

Bir kişinin COVID-19 infeksiyası 2 il davam edərək rekord qırdı

İmmun sistemi zəif olan 41 yaşlı bir kişi COVID-19-un kəskin infeksiya mərhələsini 750 gündən çox yaşayıb. Bu müddət ərzində nəfəs problemləri davam edib və o, beş dəfə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət uzun COVID ilə qarışdırılmamalıdır. Xəstədə virus tamamilə təmizləndikdən sonra davam edən simptomlar deyil, SARS-CoV-2-nin aktiv infeksiya mərhələsi iki ildən çox davam edib.

Boston Universitetindən Joseline Velasquez-Reyes və komandası 2021-ci iliin martından 2022-ci ilin iyuluna qədər xəstədən götürülmüş nümunələri araşdırıb. Analizlər göstərib ki, virus fərddə cəmiyyət üzrə müşahidə olunan mutasiya sürətinə bənzər şəkildə dəyişib. Həmçinin Omicron variantında rast gəlinən bəzi spayk mutasiyalarının da xəstədə inkişaf etdiyi müəyyən olunub.

Harvard Universitetindən epidemioloq Uilyam Hanag deyib ki, uzunmüddətli infeksiyalar virusa hüceyrələri daha səmərəli yoluxdurma yollarını kəşf etməyə imkan verir. Hanag qeyd edib ki, daha yoluxucu variantların bu cür hallardan çıxdığına dair sübutlar artmaqdadır.

Xəstənin irəliləmiş HIV-1 daşıyıcısı olduğu və immunitetdə kritik rol oynayan T-hüceyrələrinin yalnız 35 hüceyrə/mikrolitr səviyyəsində olduğu bildirilib. Qeyd edək ki, normal aralıq 500–1500 hüceyrə arasındadır.

Xəstənin 2020-ci ilin mayında COVID-19-a yoluxduğu və bu dövrdə nə antiretroviral müalicə aldığı, nə də zəruri səhiyyə xidmətinə çıxışı olduğu qeyd olunub.

Tədqiqatçılar bildirirlər ki, virus bu insanda yoluxuculuğunu itirmiş ola bilər, amma hər hal eyni şəkildə davam etməyəcək. Buna görə oxşar infeksiyaların diqqətlə izlənməsi vacibdir.

Mütəxəssislər qeyd edirlər ki, bu cür hallar həm fərdi sağlamlıq, həm də ictimai təhlükəsizlik baxımından prioritetləşdirilməlidir. Tədqiqatçılar vaksinasiya davam etdirilməsinin və sıx qapalı məkanlarda maska istifadəsinin vacibliyini vurğulayıblar.

Araşdırma The Lancet jurnalında dərc olunub.

Seçilən
19
afn.az

1Mənbələr