Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Belqrad, 16 sentyabr, AZƏRTAC
Serbiya və Yaponiya arasında ikitərəfli anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlər Serbiya Prezidenti Aleksandar Vuçiçin Yaponiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Aleksandar Vuçiç bildirib ki, hazırda Serbiyada fəaliyyət göstərən yapon şirkətlərində 7000-dək insan çalışır və Yaponiya ölkədə ikinci ən böyük donordur.
Serbiya Prezidenti, həmçinin Tokioda Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito ilə görüşüb. Görüşdə iki ölkəni birləşdirən dərin qarşılıqlı hörmət və dostluğun olduğu bildirilib, Serbiya və Yaponiyanın ümumi dəyərləri - sülh, sabitlik və firavanlığa sadiqlik, habelə əməkdaşlıq və anlaşma əsasında gələcək qurmaq üçün güclü iradəni bölüşdükləri qeyd olunub. Serbiya Prezidenti görüşün ikitərəfli münasibətlərdə yeni səhifə açdığını deyib.
Aleksandar Vuçiç Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə də görüşüb. Serbiya Prezidenti bu görüşün iki ölkə arasında münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib. Görüşdə siyasi dialoq, iqtisadi inkişaf, iqtisadiyyatın modernləşdirilməsi, o cümlədən texnologiya, innovasiya və ətraf mühitin mühafizəsi sahələrində təcrübə mübadiləsi, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
“Biz siyasi əlaqələrin gücləndirilməsi və beynəlxalq səviyyədə qarşılıqlı dəstəyi, eləcə də Serbiyaya yapon investisiyalarının artırılması üçün konkret imkanları müzakirə etdik”, - deyə Aleksandar Vuçiç bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.