AZ

Charlie Kirk-in güllələnməsində şübhəli şəxs etiraf etmiş ola bilər

Ajans.az xəbər verir ki,məlumatı Discord-un sözçüsü BBC-nin CBS-ə istinadla təsdiqləyib. 22 yaşlı Robinsonun, Kirk-in Utah Valley Universitetində keçirdiyi tədbirdə güllələnməsindən bir gün sonra Discord-da "Dünən UVU-da mən idim. Bütün bunlara görə üzr istəyirəm" şəklində mesaj göndərdiyi iddia olunur. Robinson hazırda ağır qətl, odlu silahdan istifadə ilə ağır cinayət törətmək və ədalət mühakiməsinə mane olmaq maddələri ilə həbs edilib və ölüm cəzası ilə üzləşə bilər. Onun məhkəməsi çərşənbə axşamı gözlənilir. Rəsmilər bildirir ki, Robinson Discord-da 20-dən çox nəfərlə atışma barədə zarafat etdikdən sonra özünü şerif dostu vasitəsilə təslim etməyi planlaşdırdığına dair mesajlar yazıb. Onun son mesajlarından biri belə olub: "Mən bir neçə dəqiqəyə təslim oluram... Hər şey üçün hamınıza təşəkkür edirəm." Utah ştatının qubernatoru Spencer Cox, Robinsonun ilkin ifadələrdə cinayəti atasına etiraf etdiyini və polisə könüllü təslim olduğunu deyib. Cox həmçinin Robinsonun “solçu ideologiyaya dərindən bağlı” olduğunu bildirib. Ancaq ictimai qeydlər onun partiyasız seçici kimi qeydiyyatda olduğunu göstərir. FBI direktoru Kaş Patel-in sözlərinə görə, Robinsonun telefonunda "Charlie Kirk-i hədəfə almaq niyyətində olduğunu" göstərən mesajlar aşkar edilib. Lakin bu mərhələdə onun təkbaşına yoxsa təşkilatlanmış şəkildə hərəkət etdiyinə dair sübut yoxdur. Hadisə ABŞ siyasətində rezonans doğurub. Həm Demokratlar, həm də Respublikaçılar qarşı tərəfi “siyasi nifrət ritorikası” yaymaqda ittiham edib. Charlie Kirk silah hüquqları, anti-abort və anti-LGBT mövqeləri ilə tanınan dindar xristian fəal idi. Onun rəhbərlik etdiyi “Turning Point USA” təşkilatı ABŞ universitetlərində mühafizəkar ideyaları yaymaqla məşğul olurdu və 2024-cü il seçkilərində Donald Trampın tərəfdarlarının səfərbər edilməsində mühüm rol oynamışdı. Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları Robinsonun motivlərini, sosial media fəaliyyətlərini və hadisəyə dair əvvəlcədən xəbərdarlıq olub-olmadığını araşdırır.

 

Seçilən
40
Ajans.az

1Mənbələr