Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) təşkilatçılığı ilə Bakıda Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezident şurasının 41-ci iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, hibrid formatda keçirilən tədbirdə COOMET-in prezidenti Lazizbek Saidoripov, vitse-prezidentlər Azər Qurbanov (Azərbaycan), Yang Ping (Çin), Mustafa Çetintaş (Türkiyə), COOMET katibliyinin rəhbəri Marat Yunusov, o cümlədən AzMİ-nin baş direktoru Xamis Seyranov və digər nümayəndələr iştirak ediblər.
İclas çərçivəsində iştirakçılara AzMİ-nin fəaliyyəti, milli etalon bazasının təkmilləşdirilməsi, yeni istifadəyə verilmiş laboratoriyaların maddi-texniki bazası, həmçinin metrologiya sahəsində aparılan islahatlar və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib.
COOMET-in prezident şurasının strateji fəaliyyət istiqamətləri üzrə görülən işlər, əldə olunan nəticələr və gələcək perspektivlər barədə çıxışlar dinlənilib. COOMET-in Keyfiyyət Forumunun qərarları, innovasiya və birgə elmi tədqiqatların təşviqi, metrologiya sahəsində rəqəmsal transformasiya və vahid informasiya resursunun yaradılması məsələlərinə nəzər salınıb.
İclasın yekununda AzMİ-nin etalon laboratoriyalarına baxış keçirilib, burada metroloji təminat üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, COOMET 1991-ci ildə yaradılmış regional metroloji qurumdur. Təşkilatın məqsədi ölçmələrin vahidliyi və tələb olunan dəqiqliyini təmin etmək, milli iqtisadiyyatın inkişafına dəstək vermək, beynəlxalq ticarətdə texniki maneələri aradan qaldırmaq, eləcə də Avrasiya ölkələri və digər regionların metroloji xidmətləri üzrə əməkdaşlığın inkişafına şərait yaratmaqdır. Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq əsasən, fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.