News24 saytına istinadən ain.az xəbər verir.
2025-2027-ci illərdə Azərbaycanda süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq. 2025-ci ilin sonuna kimi süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması planlaşdırılır. 2026-cı ildə bu sahədə pilot layihə həyata keçiriləcək və müvafiq ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası üzrə ilk pilot layihənin icrası nəzərdə tutulur.
Bəs, süni yağış texnologiyasının tətbiqi ekoloji baxımdan hansı riskləri və üstünlükləri özündə daşıyır? Ümumiyyətlə, bu sistemin tətbiqi mümkündürmü?
Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov News24.az-a bildirib ki, süni yağışların yağdırılması ideyası yeni bir yanaşma deyil:
"Bu istiqamətdə ilk tədqiqatlar ötən əsrin 30-cu illərindən aparılmağa başlanıb. Lakin bu günədək texnologiya geniş tətbiq sahəsi tapa bilməyib. Hazırda bu metod çox da geniş istifadə olunmur. Çünki süni yağış texnologiyası kifayət qədər bahalıdır və tətbiq baxımından hər zaman uğurlu nəticə vermir. Əksər hallarda atmosferə gümüş duzları səpilir. Bu maddələr buludların yaranmasını və yağışın yağmasını stimullaşdırır. Amma aparılan təcrübələrin çoxu istənilən nəticəni verməyib".
Rövşən Abbasov qeyd edib ki, texnologiyanın tətbiqində əsas çətinliklərdən biri buludların formalaşması prosesinin sabit olmamasıdır:
"Bəzi hallarda buludların yaranması ümumiyyətlə baş vermir, bəzi hallarda isə yaranan buludlar güclü küləklərin təsiri ilə başqa ərazilərə sürüklənərək yağışın həmin bölgədə deyil, fərqli yerlərdə yağmasına səbəb olur. Bu da texnologiyanın etibarlılığını şübhə altına alır".
Ekspert əlavə edib ki, mövcud su resurslarının idarə olunması baxımından süni yağış texnologiyasına böyük ümidlər bəsləmək düzgün yanaşma deyil. Onun fikrincə, Azərbaycanda daha dayanıqlı və real nəticə verə biləcək alternativlər mövcuddur:
"Məncə, belə təcrübələrin aparılmasındansa, biz daha çox çirkab suların təmizlənərək yenidən istifadəsi üzərində işləməliyik. Bundan başqa, mövcud su şəbəkəsində itkilərin azaldılması və istifadədə olan su ehtiyatlarının daha səmərəli idarə olunması daha praktik və uzunmüddətli nəticə verə bilər. Bu istiqamətlər həm iqtisadi baxımdan qənaətlidir, həm də ekoloji cəhətdən daha davamlı yanaşmadır".
Aqil Qarayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.