TƏBİB və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Yeni Klinikada 3-cü Beynəlxalq Uşaq Urologiyası Konfransı keçirilib.
Konfransda TƏBİB-in İçraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə, Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov, Azərbaycan Andrologiya Cəmiyyətinin prezidenti, professor İlham Əhmədov, uşaq uroloqu, professor Eldar Hüseynov, uroloq, professor Kamal Abdullayev və Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Təhsil Komitəsinin üzvü, uroloq Pərviz Hacıyev iştirak ediblər.
Yerli və xarici mütəxəssislərin iştirak etdiyi tədbirdə A.Nəsirov çıxış edərək, beynəlxalq elmi tədbirlərin ölkə səhiyyəsində, o cümlədən uşaq uroloji xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Elmi əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Nəsirov bildirib ki, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi, yeni elmi nailiyyətlərin və müasir müalicə üsullarının yerli həkimlərə təqdim olunması ölkəmizdə uşaq uroloji xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, habelə gələcəkdə daha peşəkar kadrların yetişməsinə mühüm töhfə verəcək.
Tədbirdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər – Avropa Uşaq Urologiyası Cəmiyyətinin prezidenti, professor Serdar Tekgül, Türkiyə Uşaq Urologiyası Dərnəyinin prezidenti, professor Berk Burgu, ABŞ-nin Cincinnati Uşaq Xəstəxanasından Prof. Eugene Minevich, Minsk 2 saylı Uşaq Klinik Xəstəxanasının Uşaq urologiyası şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Vitaly Dubrov və Almazov Milli Tibb Araşdırma Mərkəzinin Doğuşdan və İrsi Cərrahiyyə Patologiyaları üzrə Araşdırma İnstitutunun rəhbəri, dosent İlya Kagantsov də iştirak edərək məruzələrlə çıxış ediblər.
Üç sessiyadan ibarət elmi proqram çərçivəsində bir sıra mütəxəssislər uşaq urologiyası və cərrahiyyəsində olan müasir yanaşmalar, innovativ üsullar və s. barədə geniş məlumat veriblər.
Tədbir zamanı “Uşaq urologiyasında minimal invaziv cərrahiyyə”, “Uşaqlarda böyrək daşı xəstəliyinə yanaşma”, “Neyrogen sidik kisəsi: idarəetmə strategiyaları”, “Gecə enurezi: müasir yanaşmalar”, “Uşaqlarda genital anomaliyalar və diferensial diaqnostika”, “Hipospadiya əməliyyatlarında mərhələli müdaxilə”, “Enməmiş xayaların cərrahi korreksiyasında əsas məqamlar”, “Oğlan uşaqlarında inkişaf dövründə hormon müalicəsi”, “Yeniyetmələrdə varikosele müalicəsinə yanaşma” və s. mövzular üzrə çıxışlar təqdim edilib.
Müasir uroloji yanaşmaların, uşaq cərrahiyyəsində tətbiq edilən innovativ metodların və beynəlxalq əməkdaşlığın müzakirə olunduğu tədbir sual-cavab sessiyası ilə başa çatıb.