"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsinə start verəcək.
Ağdam təmsilçisi ilk görüşünü Portuqaliyada keçirəcək.
Rəqib Avropada sayılıb-seçilən komandalardan olan "Benfika"dır.
Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Zaur Həşimov axşamkı oyun öncəsi "köhlən atlar"ın şanslarını dəyərləndirib:
"Qarabağ" Çempionlar Liqasında çox ağır qrupa düşüb. Rəqibləri hamısı top komanda səviyyəsindədir.
Ona görə də durumu real dəyərləndirmək lazımdır. "Qarabağ"ın "Kopenhagen"dən başqa qrupdakı istənilən qələbəsi sensasiya kimi qiymətləndiriləcək.
Həmin oyunlardan biri də "Benfika" ilə qarşılaşmadır. Rəqib hər il mütəmadi olaraq avrokuboklarda çıxış edir.
Portuqaliyanın köklü klubudur. Düzdür, bu il çempionata uğurlu start verməyiblər.
Hazırda turnir cədvəlində 5-ci pillədə yer alırlar. Onların gücü hamımıza bəllidir. Bütün bunlara baxmayaraq, "Qarabağ"ın inamlı çıxış edəcəyini düşünürəm.
Çünki komandamız Avropada kifayət qədər təcrübəlidir. Bu cür oyunlarda necə çıxış edəcəklərini yaxşı bilirlər.
Düşünürəm ki, "Benfika" ilk dəqiqələrdən pressinq edərək tez qol vurmağa çalışacaq. "Qarabağ" isə öz oyun üslubunda çıxış edəcək.
Təəssüf ki, komandamız yaxşı hücumçu transfer edə bilmədi. Bu mövqedəki boşluq istər-istəməz kollektivin çıxışına təsir edə bilər.
Ümumən çox maraqlı oyuna şahid olacağıq. "Qarabağ" səfərdən 1 xalla geri dönə bilsə, yaxşı nəticə sayılmalıdır".
XANOĞLAN