Azərbaycan Qran Prisini qarşılamağa hazırlaşarkən, Mastercard iri miqyaslı idman tədbirlərinin turizmi necə hərəkətə gətirdiyini, rəqəmsal ödənişləri sürətləndirdiyini və yerli iqtisadiyyatlara uzunmüddətli imkanlar yaratdığını göstərən yeni məlumatları açıqlayıb.
Mastercard Insights məlumatına görə, Azərbaycan Qran Prisi beynəlxalq turizmə və tranzaksiya fəaliyyətinə təsiri ilə qlobal miqyasda fərqlənir. Yarış həftəsində ölkəyə gələn beynəlxalq turistlərin sayı ötən illə müqayisədə 87 faiz artıb, xərclər isə 77 faiz yüksəlib. Xüsusilə qeyd olunmalıdır ki, xərcləmələr Bakının hüdudlarından kənara çıxaraq bölgələrdə tranzaksiyalarda 241 faiz artım yaratdı ki, bu da qlobal idman tədbirlərinin ölkə üzrə faydasını nümayiş etdirir.
Qonaqların xərcləmə vərdişləri də diversifikasiya olunub. Yaşayış və restoran xərcləri əsas istiqamətlər olaraq qalmaqla, müvafiq olaraq 127 faiz və 141 faiz artıb. Bununla yanaşı, pərakəndə satış, moda və marketplace alış-verişləri də turistlərin büdcəsində daha böyük pay tutdu. Türkiyə, Böyük Britaniya, Gürcüstan, Qazaxıstan və Almaniyadan gələn turistlər xüsusi rol oynadılar: türkiyəli turistlərin otel xərcləri 238 faiz, britaniyalı turistlərin restoran xərcləri isə 346 faiz artıb.
“Azərbaycan Qran Prisi sadəcə yarış deyil – bu, iqtisadi mühərrikdir,” – deyə Mastercard-ın Azərbaycandakı ölkə meneceri Emil Zeynalov bildirib. “Biz yalnız qonaqların kəskin artımını deyil, həm də daha geniş faydaları görürük: yerli bizneslərin rəqəmsal ödənişləri qəbul etməsi, Bakının hüdudlarından kənar bölgələrin daha çox turist qazanması və səyahətçilərin təhlükəsiz, rahat təcrübələr yaşaması. Azərbaycan üçün bu yalnız bir həftəsonu həyəcanı deyil – bu, güclü rəqəmsal iqtisadiyyatın qurulmasıdır.”
Mastercard Insights-a görə, ötən il Qran Pri həftəsində beynəlxalq ziyarətçilərin 87 faiz artması Azərbaycanın yalnız analoji tədbirləri geridə qoymadığını, xərclərin müxtəlifləşməsini təmin etdiyini və rəqəmsal ödəniş ekosistemini gücləndirdiyini göstərir. Bu il isə beynəlxalq gəlişlərin təxminən 90 faiz artacağı proqnozlaşdırılır ki, bu da Azərbaycanın qlobal arenadakı nüfuzunun artdığını təsdiqləyir.
Qabil YUSİFOĞLU
XQ