Televiziya uzun illər boyunca həm ictimai rəyin formalaşmasında, həm də müəyyən ideologiyaların yayılmasında ən güclü vasitələrdən biri olub. Toksik çıxışlar və dezinformasiya konkret olaraq dövlətlərin siyasətinə, insanların davranışına və hətta toplumsal parçalanmaya təsir göstərib. Bu mövzuda bir neçə misal çəkib sözümün “mustafasına” keçəcəm.
Ruandada Hutu radikallarının nəzarətində olan televiziyalar və dövlət televiziyası açıq şəkildə tutsi azlığını "tarakanlar" adlandırır, onların öldürülməsini təşviq edirdi. Televiziya və radio vasitəsilə yayılan bu nifrət çıxışları kütlələri qızışdırdı və nəticədə 800 min nəfərdən çox insan qətlə yetirildi.
Bu, mediyanın toksik və dezinformasiyanın toplu qətliama səbəb olduğu ən dramatik nümunələrdən biridir.
Və yaxud da.
“COVID-19”pandemiyası vaxtı bir çox ölkədə, xüsusilə Rusiya və ABŞ-da bəzi televiziya kanalları COVID-in adi qrip olduğu və peyvəndlərin təhlükəli olduğu barədə dezinformasiya yayırdı. Bu mesajlar insanların peyvənddən imtina etməsinə səbəb oldu. Təkcə ABŞ-da dezinformasiyanın təsiri ilə onminlərlə insan vaxtında peyvənd olunmadığı üçün həyatını itirdi.
Bu yaxınlarda 14 yaşlı qızın 4 nəfər tərəfindən zorakılığa məruz qalması ölkə gündəmindədir. Lakin bir aparıcımızın bu mövzuda çıxışı yeni bir müzakirə dalğası yaratdı. Aparıcının efirdə “Onu edənlərin qızlarına da eyni zorakılığı etmək lazımdır” deməsi sadəcə qəbuledilməzdir. Bu, nə insanlıqdır, nə peşəkarlıq. Zorakılığa zorakılıqla cavab vermək ədalət deyil, sadəcə barbarlıqdır. Belə bir fikir nə zərərçəkənə kömək edir, nə də cəmiyyətə fayda verir. Əksinə, zorakılığı normallaşdırır, cəmiyyətə “ədalət ancaq nifrətlə mümkündür” mesajı verir.
Digər bir yanlış yanaşma isə bu hadisənin xüsusi olaraq Ağdamla bağlanmasıdır. Guya bu, yalnız Ağdamın, müəyyən bir bölgənin problemiymiş kimi göstərilir. Halbuki zorakılıq nə rayon tanıyır, nə də ünvan. Bu faciə Azərbaycanın hər yerində baş verə bilər, verib də. Belə halları bölgələrlə bağlamaq, cəmiyyət içində ayrı-seçkilik toxumları səpmək deməkdir. Bizim düşmənimiz hansısa bölgə yox, zorakılıq və onu törədənlərdir.