"“Vəkillik və vəkil fəaliyyəti haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdən biri vəkilin kassasiya instansiyası məhkəməsində özünü təmsil etməsi ilə bağlıdır. Bu təklifin əsas məqsədi ondan ibarətdir ki, kassasiya instansiyası olan Ali Məhkəmə yalnız hüquqi məsələlərə baxır və işin faktiki hallarını araşdırmır. Yəni bu mərhələdə vətəndaşın təqdim etdiyi məlumatlar və ya işin detalları əsasında deyil, sırf hüquqi norma və onların tətbiqi baxımından qiymətləndirmə aparılır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında vəkil Araz Nurməmmədov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkilin kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilməsindən danışarkən bildirdi.
"Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsi Ali Məhkəmə tərəfindən baxılır və onun əsas mahiyyəti budur ki, burada işin yalnız hüquqi tərəfi nəzərdən keçirilir. Yəni kassasiya şikayəti verən şəxs işin faktiki hallarını deyil, yalnız hüquqi məsələləri müzakirə edir. Ali Məhkəmə işin faktiki detalları ilə məşğul olmur. Vətəndaş özü barədə məlumat versə və ya tələblə bağlı məlumat təqdim etsə belə, Ali Məhkəmə işin faktiki halları ilə bağlı qərar çıxarmır. Ali Məhkəmənin əsas funksiyası aşağı instansiya məhkəmələrinin prosessual və maddi-prosessual normaları pozub-pozmadığını araşdırmaqdır. Əgər apellyasiya məhkəməsi bu pozuntular nəticəsində qərar çıxarıbsa, Ali Məhkəmə həmin qərarı ləğv edir. Bu səbəbdən kassasiya məhkəməsində vəkilin iştirakı zəruridir. Əvvəlki hallarda və hazırkı vəziyyətdə də tərəfin hüquqi nümayəndəsi kimi yalnız vəkil iştirak edə bilərdi. İndiki dəyişikliyə görə, əgər vəkil özü kassasiya şikayəti verirsə, onun özünə vəkil tutması absurd sayılır. Bu, vəkilin etik prinsiplərinə ziddir. Vəkil öz işini və hüquqi məsələləri yaxşı bilir, ixtisaslı hüquqşünasdır və vəkillik statusuna malikdir".
Müsahibimiz qeyd etdi ki, vəkilin özünü təmsil etməsi məntiqlidir.
"Digər məsələ isə şübhəli və ya təqsirləndirilən şəxs qismində olan şəxslərin müdafiəsi ilə bağlıdır. Cinayət işlərində də vəkil müdafiəçi kimi çıxış edir. Əgər müdafiəçi vəkil olarsa, onun özünü müdafiə etməsi də mümkündür. Yenə də onun özünə vəkil tutması absurd olar. Bu səbəbdən, müdafiəçinin təmin edilməsindən imtina edib öz-özünü müdafiə etməsi məntiqli və qanuni sayılır. Beləliklə, həm kassasiya instansiyası məhkəməsində, həm də cinayət prosesində vəkilin özünü təmsil etməsi məsələsi hüquqi baxımdan əsaslı və məntiqlidir", - deyə Arzu Nurməmmədov yekunlaşdırdı.
Xədicə BAXIŞLI