Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarına birdəfəlik pul mükafatı veriləcək.
Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) bir dəfəlik olaraq 500 manat məbləğində mükafat veriləcək.
Qeyd olunub ki, SOCAR əməkdaşları 20 sentyabr – “Neftçilər günü” peşə bayramı münasibətilə mükafatlandırılacaq.
Belə ki, sözügedən əmr neftçilərin ölkəmizin iqtisadiyyatında rolu və peşə bayramının yüksək səviyyədə qeyd olunduğu nəzərə alınaraq, respublikanın neft strategiyasının həyata keçirilməsində əməyi olan SOCAR işçilərinin peşə bayramı münasibəti ilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın müasir neft strategiyasının dayanıqlı inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli 558 nömrəli Fərmanı ilə 20 sentyabr tarixi “Neftçilər günü” peşə bayramı kimi təsis edilib.