BAKI, 17 sentyabr. TELEQRAF
Türkiyə Suriyanın cənubundakı Sveyda əyaləti üçün açıqlanan yol xəritəsini təqdir edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Türkiyə Suriyanın bütün ünsürlərinin ərazi bütövlüyü, birlik və suverenliyə hörmət prinsipləri əsasında sülh, təhlükəsizlik və sabitlik içində yaşaması üçün səyləri dəstəkləməyə davam edəcək.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani, İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi və ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Dəməşqin Tişrin sarayında keçirdiyi görüşdən sonra Sveyda hadisələri ilə bağlı ortaq yol xəritəsinin razılaşdırıldığı açıqlanıb.
Yol xəritəsinin məqsədi ərazidə sülhün qorunması, sabitliyin yaradılması və toqquşmaların təkrarlanmasının qarşısının alınmasıdır.