AZ

Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürən şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmayıl Şabanovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Məhkəmənin qərarına əsasən, kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qismən məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv olunub, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.


İttihama görə, İsmayıl Şabanov 28 aprel 2024-cü il tarixdə, gecə saatlarında şəxsi münasibətlər zəminində qohumu ilə yaranmış mübahisəyə görə qisas almaq məqsədilə hərəkət edib. O, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə əvvəlcədən razılaşdırılmış ünvana – Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən “Beşmərtəbə” adlanan əraziyə gedərək zərərçəkmiş Məcid Məcidovu (adı, soyadı şərtidir) görən kimi avtomobili yüksək sürətlə onun üzərinə sürüb, divara sıxaraq ağır bədən xəsarətləri yetirib. Zərbənin nəticəsində zərərçəkmişin sol qamış sümüyünün qəlpəli sınığı və sağ ayağında açıq sınıq aşkarlanıb, əməliyyat olunub və həyat üçün təhlükəli hesab edilən ağır dərəcəli xəsarətlər alıb. Bundan sonra İsmayıl Şabanov avtomobildən çıxardığı domkrat dəmir hissəsi ilə Məcidin baş nahiyəsinə də zərbə endirib, ona yüngül xəsarət yetirməklə cinayət əməllərini davam etdirib. Beləliklə, o, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Şabanov 4 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi sonradan bu cəzanı 3 ilə endirib. Lakin dövlət ittihamçısının kassasiya protestinə əsasən Ali Məhkəmə həmin qərarı qismən ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.


Kamal Məmmədov 


Tarix: 17 Sentyabr 2025, 08:47   
Seçilən
22
5
pravda.az

6Mənbələr