AZ

Human Rights Watch: İsrail qüvvələri Suriyanın cənubunda müharibə cinayətləri törədib...

Hesabatda məcburi köçürmə, evlərin dağıdılması və həbslər qeyd olunur...

Poliqon xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı Human Rights Watch İsrailin 2024-cü ilin dekabrından bəri Suriyanın cənubunda həyata keçirdiyi əməliyyatlarla bağlı hesabat açıqlayıb. Sənəddə qeyd olunur ki, İsrail hərbi qüvvələri yerli əhaliyə qarşı məcburi köçürmələr həyata keçirib, evləri dağıdıb, sakinlərin əmlakını və dolanışıq vasitələrini əlindən alıb, həmçinin onları əsassız şəkildə həbs edərək İsrail ərazisinə aparıb.

Hesabatda bildirilir ki, Suriyanın əvvəlki hökumətinin dekabr 2024-də devrilməsindən sonra İsrail BMT-nin nəzarətində olan demilitarizasiya zonası boyunca irəliləyərək Hərmon dağından Kuneitraya qədər uzanan ərazilərdə doqquz hərbi post qurub. Bu addımlar Suriyanın Kuneitra mühafazasının bir hissəsinin və Dəranın qərb bölgələrinin İsrailin nəzarəti altına düşməsi ilə nəticələnib.

İsrail eyni zamanda bölgədə hərbi infrastruktura qarşı hava zərbələrini artırıb. Rəsmi şəxslər fevral ayından etibarən dəfələrlə bəyan ediblər ki, məqsəd Suriyanın cənubunu “tam demilitarizasiya etmək”dir və yeni işğal olunmuş ərazilərdə İsrail qoşunlarının müddətsiz qalacağı vurğulanıb.

Təşkilat son aylarda Kuneitra kəndinə yeni quru hücumlarının, həmçinin Kuneitra və Dəranın üzərində intensiv hava uçuşlarının davam etdiyini qeyd edib.

Məsələn, 16 iyunda Əl-Hamidiyə kəndində – BMT-nin nəzarətində olan demilitarizasiya zonasında – İsrail əsgərləri azı 12 binanı dağıdaraq səkkiz ailəni evlərini tərk etməyə məcbur edib. Bu ailələr 2024-cü ilin dekabrında, Bəşər Əsədin devrildiyi gün, bölgədən qovulmuş və sonradan onlara bildirilib ki, köçürmə yaxınlıqda yeni hərbi bazanın inşası ilə bağlıdır.

Bundan əlavə, Cubata-əl-Haşabda İsrail qüvvələri daha bir hərbi obyekt inşa edib və yüz ildən çox yaşı olan meşəlik də daxil olmaqla geniş torpaq sahələrini təmizləməyə başlayıb.

Human Rights Watch-un hesabatı beynəlxalq ictimaiyyəti bölgədə baş verənlərə diqqət yetirməyə və yerli əhalinin hüquqlarının qorunmasına çağırır.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr