AZ

Britaniyada Tramp və Epşteynin görüntüsünü Vindzor qalasına əks etdirən dörd nəfər saxlanılıb

Polis yayımladığı açıqlamada dörd nəfərin “qəsdən zərərli mesajlar” yaymaqda şübhəli bilinərək saxlanıldığını bildirib...

Poliqon xəbər verir ki, Böyük Britaniyada ABŞ prezidenti Donald Trampın seksual cinayətkar Ceffri Epşteynlə birlikdə görüntüsünü Vindzor qalasının divarına proyeksiya edən dörd nəfər saxlanılıb. Hadisə Trampın tarixi xarakter daşıyan dövlət səfəri çərçivəsində baş verib.

Məlumata görə, ABŞ prezidenti sentyabrın 16-dan 17-nə keçən gecə Londona gəlib və səfərin əsas mərhələsi olaraq kral Karl onu Vindzor qalasında qəbul edəcək. Qala paytaxtdan təxminən 40 kilometr qərbdə yerləşir.

Reuters yazır ki, polis yayımladığı açıqlamada dörd nəfərin “qəsdən zərərli mesajlar” yaymaqda şübhəli bilinərək saxlanıldığını bildirib. Onların “icazəsiz nümayiş” kimi qiymətləndirilən aksiyanı “ictimai şou” adlandırdıqları qeyd olunub.

Aksiyada həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların 8 sentyabrda açıqladığı, Trampın guya 20 ildən çox əvvəl Epşteynə ad günü münasibətilə yazdığı məktub da divara əks etdirilib. Ağ Ev isə məktubun həqiqiliyini təkzib edib.

Proyeksiya zamanı məktubla yanaşı Epşteynin qurbanlarının fotoları, bu işlə bağlı xəbər süjetləri və polis hesabatları da nümayiş olunub.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr