AZ

ABŞ daha bir ölkəni nəzarətə götürmək istəyir Hərbi müdaxilənin gerçək səbəbi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ-ın öz hərbi gəmilərini Karib hövzəsinə göndərməsi və “narkotiklərlə mübarizə” bəhanəsi ilə əməliyyat elan etməsi əslində regional enerji balansı və siyasi təsir uğrunda mübarizə ilə bağlıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, iki ölkə arasında son həftələrdə artan gərginlik yeni mərhələyə qədəm qoyub:

“Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına sahibdir. Həm enerji bazarları, həm də Çinə, Rusiyaya yaxın münasibətləri ilə Vaşinqton üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə də qlobal enerji xəritəsinin yenidən cızıldığı bir dövrdə Venesuela resurslarının kim tərəfindən idarə olunacağı ABŞ-ın geosiyasi prioritetlərindən biridir.

Vaşinqtonun əsas məqsədi görünən tərəfdə “demokratiya” və “insan haqları” şüarları olsa da, əslində Maduro hökumətini zəiflədərək ölkənin enerji sektorunu Qərb şirkətlərinə daha əlçatan etməkdir. ABŞ sanksiyalarla Venesuelanı iqtisadi blokadaya alıb, indi isə hərbi təzyiqlə siyasi manevr imkanlarını sıxışdırmağa çalışır. Bu, həm də daxildəki müxalif qüvvələrə mesajdır ki, rejimə qarşı etirazlarını artırmaq üçün zaman yetişib”.

Politoloq Venesuelada rejim dəyişikliyindən də danışıb:

“Rejim dəyişikliyi ehtimalına gəlincə, Vaşinqton bunu arzulasa da, qısa müddətdə baş verməsi real görünmür. Maduro hələ də ordunun və təhlükəsizlik aparatının dəstəyini qoruyur, üstəlik, Rusiya və Çindən aldığı iqtisadi-siyasi dəstək onun mövqeyini gücləndirir. Bununla belə, uzunmüddətli perspektivdə ABŞ-ın təzyiqləri ölkədə sosial narazılığı dərinləşdirə, iqtisadi vəziyyəti daha da pisləşdirə və siyasi dəyişiklik üçün zəmin hazırlaya bilər.

Nəticə etibarilə, ABŞ–Venesuela qarşıdurması təkcə iki ölkənin münasibəti deyil, həm də qlobal güclər mübarizəsinin parçasıdır. Vaşinqton enerji mənbələrinə nəzarəti ələ keçirmək və bölgədəki təsirini möhkəmləndirmək istəyir, amma yaxın vaxtlarda rejim dəyişikliyi daha çox təzyiq aləti kimi görünür, reallıq kimi yox”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr