AZ

"Naxçıvanda 5 universitet açmaq olar" - Deputatdan təklif

“Biz qəbul yerlərini 80-100 minə çatdırmalıyıq. Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adı ilə aldadırlar, elə universitetlərə göndərirlər ki, onun diplomu burada tanınmır”.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu fikri deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında səsləndirib. 

Millət vəkili deyib ki, ondansa, Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaratmaq lazımdır: “Ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Elm və Təhsil Nazirliyini hətta məcbur edək ki, qəbul yerlərini artırsın. Bəzi məqamlarda bizim abituriyentlərin hüquqları pozulur. Alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. Bu məsələyə dövlət əl qoymalıdır, aidiyyəti qurumlar nəzarət etməlidir. 

İkincisi, digər universitetlərimiz alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər. Yollara baxırsan, infrastruktura baxırsan, adam həsəd aparır. Deyirsən, kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yoxdur, qiymətlər çox ucuz. Adamın köçüb Naxçıvanda yaşamağı gəlir. Naxçıvanda universitetlər artırılsın ki, tələbələrimiz gedib Naxçıvanda oxusun”.


Seçilən
72
news24.az

1Mənbələr