AZ

Kiçik Mərdəkan qəsrində bərpa işləri aparılır - FOTO

Dünyaəhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb.

Avtosfer.az xəbər verir ki, bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilir. Məqsəd isə abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq olunur.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bərpa işləri ilə yerindəcə tanış olub, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur. XII yüzillikdən başlayaraq Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəbi yarımadaya şimaldan qarətçi dəstələrin gəmilər vasitəsilə basqınları idi. Strateji baxımdan əlverişli yerlərdə ucaldılan qalalar yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi xəbərini qısa zamanda bütün Abşerona yaya bilirdi.

 



Seçilən
13
20
avtosfer.az

10Mənbələr