AZ

Ukrayna–Rusiya danışıqları: kim uduzur, kim qazanır?

Volodimir Zelenskinin Vladimir Putin və Donald Trampla heç bir şərt qoymadan görüşməyə hazır olduğunu bəyan etməsi əslində Ukraynanın mövcud diplomatik manevr imkanlarının məhdudluğunu və eyni zamanda, münaqişə fonunda Kiyevin sülh təşəbbüslərinə göstərdiyi davamlı səyləri ortaya qoyur. Lakin bu təşəbbüslərin reallaşmaması Rusiyanın strateji məqsədləri ilə bağlıdır. Moskva üçün söhbət təkcə hərbi əməliyyatların dayandırılması və ya işğal olunmuş ərazilərin statusundan getmir. Rusiya, əslində, Ukraynanın tam müstəqil xarici və daxili siyasət yürütməsini aradan qaldıraraq onu öz orbitinə salmaq niyyətindədir. Belə şəraitdə hər hansı görüş təşəbbüsü yalnız formal xarakter daşıyır və real nəticələr vermək ehtimalı olduqca zəif görünür.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Zelenskinin Putinə ikitərəfli və ya üçtərəfli formatda şərtsiz görüş təklifi əslində yeni mövqe deyil:

“Əslində Zelenski bu təşəbbüsü hələ bir il əvvəl səsləndirmişdi. Türkiyənin vasitəçiliyi ilə danışıqların yeni mərhələsinin başlanması müzakirə olunarkən də o, oxşar mövqe ortaya qoymuşdu. Lakin Rusiya tərəfi bu təklifi qəbul etmədi və Zelenskinin legitimliyini tanımadığı üçün onunla danışıqlar aparmağın mümkünsüzlüyünü əsas gətirdi. Daha sonra Moskva mövqeyini dəyişərək müxtəlif şərtlər irəli sürdü. Bu şərtlər isə faktiki olaraq Ukraynanın kapitulyasiyasına bərabər idi. Beləliklə, danışıqlar prosesi mümkünsüz hala gəldi.”

Analitikin sözlərinə görə, Putin görüşün Moskvada keçirilməsini təklif etməklə əslində bu görüşün baş tutmamasını təmin etməyə çalışır:

“Putin yaxşı bilir ki, Zelenski Moskvaya getməz, Zelenski də yaxşı anlayır ki, Putin Kiyevə gəlməz. Ona görə də hər iki tərəfin qeyri-mümkün ünvanları təklif etməsi əslində görüşün baş tutmayacağına işarədir. Hazırkı şəraitdə sülh danışıqları Rusiyanın maraqlarına cavab vermir. Moskva işğal etdiyi ərazilərə “müvəqqəti işğal olunmuş” statusu verməkdən də imtina edəcək, çünki bu, Ukraynanın qalan hissəsinin müstəqil siyasət yürütmək imkanlarını qoruyub saxlamasına şərait yaradar. Rusiyanın əsas məqsədi isə yalnız ərazilərin ilhaqı deyil, həm də Ukraynanı tam şəkildə özündən asılı dövlətə çevirməkdir.”

Nəticə etibarilə, Quliyevin fikrincə, hazırkı mərhələdə iki və ya üçtərəfli görüş təşəbbüsləri formal xarakter daşıyır və praktiki nəticə verməsi gözlənilmir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr