AZ

Sosial mediada həddindən artıq vaxt keçirmək nələrə səbəb olur? SOSİOLOQ AÇIQLADI

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrün ən mühüm texnoloji nailiyyətlərindən biri internetin və sosial şəbəkələrin insan həyatına inteqrasiyasıdır. Artıq gündəlik həyatımızı bu vasitələr olmadan təsəvvür etmək çətindir. İnformasiya axtarışından tutmuş ünsiyyətə, iş fəaliyyətindən asudə vaxta qədər bir çox sahədə internet və sosial media mühüm rol oynayır. Bu inkişaf insan həyatını asanlaşdırmaqla yanaşı, ona yeni imkanlar da təqdim edir. Lakin bu imkanlarla yanaşı, müəyyən risklər və mənfi təsirlər də meydana çıxır.

Ümumiyyətlə gün ərzində insanlar internet qarşısında nə qədər vaxt keçirməlidir?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, artıq XXI əsr informasiya texnologiyalarının, rəqəmsal aləmin və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdür:

"Bu dövrə təsadüfi olaraq "internet əsri" deyilməyib. İnternet və sosial şəbəkələr insanların gündəlik həyatına dərin şəkildə nüfuz edib, bir çox hallarda həyat tərzimizi, ünsiyyət formamızı, hətta düşüncə tərzimizi belə dəyişdirib. Bu, qarşısıalınmaz və qaçılmaz bir prosesdir. Onunla mübarizə aparmaq küləyə qarşı döyüşməyə bənzəyir - nəticəsiz və qeyri-effektiv. Əslində, internet və sosial şəbəkələr düzgün və məqsədyönlü istifadə edildikdə, onlardan çox böyük fayda əldə etmək mümkündür. Milyonlarla insan məhz bu platformalar vasitəsilə öz şəxsi brendini yaradıb, biznes qurub, karyerasını formalaşdırıb və qlobal arenada tanınıb. Onlayn təhsil imkanları, distant iş modelləri və informasiya resurslarına asan çıxış internetin müsbət tərəfləri kimi çıxış edir. Süni intellektin də daxil olduğu bu texnoloji inkişaf insanlara zaman və resurs qənaəti baxımından böyük üstünlüklər təqdim edir. Lakin hər bir inkişafın kölgə tərəfləri də var. İnternetdən həddindən artıq istifadə etmək, xüsusilə də sosial şəbəkələrdə vaxt itirmək psixoloji və fiziki baxımdan bir sıra mənfi nəticələrə səbəb ola bilər. Bu, ilk növbədə insanda internet asılılığının yaranmasına gətirib çıxarır. Nəticədə insan real həyatdan uzaqlaşır, sosial əlaqələri zəifləyir, vaxtını düzgün planlaşdıra bilmir və enerjisini mənasız informasiya axınında itirir. Bu proses uşaqlarda daha kəskin şəkildə müşahidə olunur — onların diqqət dağınıqlığı artır, məntiqi və riyazi təfəkkürü zəifləyir, zehni fəaliyyətləri passivləşir. Böyüklər də bu mənfi təsirlərdən sığortalanmayıb. Uzunmüddətli internet istifadəsi yorğunluğa, zehni tükənməyə, hətta bəzi hallarda depressiya və narahatlıq pozuntularına gətirib çıxara bilər. Bütün bu faktorları nəzərə alaraq, bir sıra Avropa ölkələrində internet istifadəsinə və xüsusilə sosial şəbəkə fəaliyyətinə dair müəyyən məhdudiyyətlər və tənzimləyici qaydalar tətbiq olunub. Məktəblərdə və ailələrdə internet istifadəsi ilə bağlı maarifləndirmə işləri aparılır, həmçinin uşaq və yeniyetmələr üçün xüsusi limitlər müəyyən edilir.

Məncə, bu istiqamətdə hüquqi mexanizmlərin formalaşdırılması vacibdir. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunların hazırlanması, eləcə də fərdi məlumatların qorunması, kiberbullinqin qarşısının alınması və azyaşlıların zərərli məzmundan qorunması kimi məsələlər müasir dövrün tələbidir.

Nəticə etibarilə, əsas məsələ interneti və sosial şəbəkələri inkar etmək deyil, onlardan düzgün istifadə etməyi öyrənməkdir. Texnologiyanı həyatın faydalı bir hissəsinə çevirmək, onu idarə etmək və onun tərəfindən idarə olunmamaq bizim əlimizdədir. Bu, həm fərdi, həm də cəmiyyət səviyyəsində sağlam və balanslı yanaşma tələb edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
sia.az

2Mənbələr