AZ

Türkiyədən böyük jest: Ukrayna savaşı yeni mərhələyə keçir?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna və Rusiya liderlərinin görüşü yenidən gündəmə gəlib. ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ərəfəsində mövzunun aktuallaşması beynəlxalq media tərəfindən diqqətlə izlənir. Zelenski “Sky News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazırdır. Onun sözlərinə görə, bu görüş ya üçtərəfli, ya da ikitərəfli formatda baş tuta bilər. Lakin o, Moskvaya getmək niyyətində deyil və danışıqların neytral bir ölkədə keçirilməsinin tərəfdarıdır.

Bu görüşün baş tutması nə dərəcədə realdır? Hətta əgər görüş olsa belə, bu, müharibəni dayandıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, müharibənin hazırkı vəziyyəti bir neçə məqamdan xəbər verir:

“Qərb nə qədər çalışsa da, Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilmir. Ukrayna torpaqlarında faktiki olaraq Qərb ilə Rusiya arasında savaş gedir. Rəsmi Kiyev öz ərazisində genişmiqyaslı döyüş meydanı açıb. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ciddi nəticə vermədi. İqtisadi cəhətdən çətinliklər yaşasa da, Kreml müharibəni davam etdirmək imkanına malikdir. Enerji və digər resurslarını xarici ölkələrə sata bilir, Avropa isə bunun qarşısını almaqda aciz qaldı.

Donald Tramp müharibənin tezliklə bitəcəyini düşünürdü. Lakin nəzərə almadığı əsas məqam bu idi: Putin irəli sürülən şərtləri qəbul etməyəcək. Zelenski hər nə qədər görüşə hazır olduğunu desə də, Rusiya liderinin buna nə dərəcədə əhəmiyyət verəcəyi sual altındadır.

Əgər Zelenski Rusiya tərəfinin şərtlərini qəbul edərsə, danışıqlar masasına otura bilər. Lakin bu prosesə Qərb ciddi maneələr yaradır. Onlar yalan vədlərlə Zelenskini müharibəni davam etdirməyə təşviq edirlər.

Ramiyə Məmmədova

Doğrudur, burada əsas məsələ Ukraynanın ərazi bütövlüyüdür. Amma eyni zamanda Rusiyanın addım-addım irəliləməsini də görməzdən gəlmək olmaz. Kremlə qarşı ciddi dayaq qurmaq çətindir. Müharibədən sonra Avropada fikir ayrılıqları daha da dərinləşdi, bu da birliyin olmadığını göstərdi.

NATO-nun da bu prosesdəki rolu da sual altındadır. Alyans müharibəyə hansı səviyyədə müdaxilə edib və Avropanı nə dərəcədə qoruyub – bu suallar hələ cavabsızdır. Tramp müharibəni dayandırmaq istəyirsə, liderləri eyni masa ətrafına toplamalıdır. Lakin bu görüşün məkanı nə Avropa, nə Moskva, nə də ABŞ olacaq. Bu rol üçün neytral və real vasitəçi dövlət , məsələn, Türkiyə uyğun ola bilər.

Görüş baş tutarsa, bu, müharibənin dərhal dayanacağı anlamına gəlmir. Orada daha dərin məsələlər müzakirə olunacaq: qlobal güclərin qarşıdurması, Anqlosakson təsirinin sorğulanması və s. Putinin irəli sürdüyü şərtləri Zelenski qəbul etsə belə, bu, yalnız atəşkəslə nəticələnə bilər. Lakin Avropanın buna razı olacağını düşünmürəm”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
globalinfo.az

2Mənbələr