AZ

""Qarabağ" özündən 20 dəfə baha olan komandaya qalib gəldi" — AÇIQLAMA

""Qarabağ"ın qələbəsi bir möcüzədir. Çünki “Benfica” o qədər böyük klubdur ki, onun üzərində belə bir qələbə qazanmaq da möcüzə adlandırıla bilər. “Benfica”nın heyətinin dəyəri təxminən 350 milyon avrodur. “Qarabağ”ın heyəti isə cəmi 20 milyon avroya yaxındır. Yəni, özündən 20 dəfə baha olan komandaya qalib gəlib".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.

O bildirib ki, “Benfica” Çempionlar Liqasının ikiqat qalibidir, əlavə olaraq beş dəfə finalda oynayıb:

"Avropa Liqasında da finallara yüksəlib. Öz ölkəsinin 38 dəfə çempionu olaraq rekordçudur. Portuqaliyanın nəhəngidir, Avropanın nəhəngidir. Hazırda Avropa klub reytinqində 10-cu pillədə qərarlaşıb. Yəni, ilk onluqda yer alan komandadır.

Bu, o qədər möhtəşəm hadisədir ki, belə bir nəhəngi, özü də 70 min azarkeşin gözü qarşısında, stadionda, 0:2 hesabından sonra geridönüş edərək üç qol vurmaqla məğlub etmək inanılmazdır. Təbii ki, bunun taktiki və texniki tərəflərini çox müzakirə etmək olar. Amma bu, ilk növbədə özünə, komandasına və gücünə inamın ən yüksək təcəssümüdür".

Kənan Məstəliyev deyib ki, belə oyunlar, belə qələbələr çox nadir hallarda baş verir:

"Bu qələbəni təhlil etdikdə deyə bilərik ki, “Qarabağ” daha diqqətli oynadı. 0:2-dən sonra ruhdan düşmədi, əksinə təmkinlə öz sistemini, öz oyununu davam etdirdi və yavaş-yavaş üstünlüyə doğru irəliləyərək qələbə qazandı. 

Düşünürəm ki, bu qələbə “Qarabağ”a əlavə stimul verəcək və qarşıdakı matçlarda da oxşar nəticələrin şahidi ola biləcəyik".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
43
demokrat.az

1Mənbələr