AZ

Yanvarın 1-dən vergi güzəştləri ləğv edilir?

Yeni ildən başlayaraq maaşlardan gəlir vergisi tutulacağı gözlənilir. 

Xatırladaq ki, 2019-cu ildən ölkədə vergi güzəşti tətbiq olunur və artıq 7 illik vergi güzəştinin müddəti başa çatır. Yəni 2026-ci ilin 1 yanvarında qeyri-dövlət sektorunda işləyən şəxslərinə güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq. Bu barədə iqtisadçı Eldəniz Əmirov deyib: 

“2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq". 

İqtisadçının sözlərinə görə, bu artım 5 səbəbdən ola bilər:

"Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir.

İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməz. Üçüncüsü, inflyasiyanın təsiri ilə ola bilər ki, amma bu həcmdə heç vaxt. Dördüncü hal, vergi dərəcələrinin dəyişməsilə baş verə bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, üstəlik bu həcmdə dəyişməsi gözlənilən deyil. 

Bəs onda 30 faizə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. 

Yəni 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq. Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq. "2019-cu ildə bu güzəşt niyə edilmişdi?" sualının cavabı da sadədir: Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi". 

Tətbiq edilən güzəştin müddətinin başa çatması ilə əlaqədar gəlir vergisi tətbiqi reallaşa bilərmi və bu, vətəndaşlar üçün hansı problemlər yaradacaq? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, hələ iyulun 1-də 6 aydan sonra vergi güzəşti müddəti başa çatacağı ilə bağlı məlumat vermişdi: 

“Yəni 1 yanvar 2026-cı ildə bu müddət bitir. İndi isə təqdim olunan dövlət büdcəsinin əsas istiqamətlərindən görünür ki, gələn il fiziki şəxslərdən gəlir vergisinin artımı gözlənilir. Bu da böyük ehtimalla o deməkdir ki, vergi güzəşti tamamilə ləğv olunacaq. Qanunda yazılmışdı ki, bu güzəşt 1 yanvar 2026-cı ilədəkdir. 

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi 2500-ə qədər məbləğdən 14, 2500-dən yuxarı məbləğdə isə 25 faizdir. Yəni bu vergi qanunda var. Sadəcə güzəşt var idi. Əgər qanunla güzəştin müddəti uzadılmayacaqsa, deməli, o vergi gələn ildən tətbiq olunacaq. Ancaq gələn ilin dövlət büdcəsinin qanunlar paketi açıqlanmayıb. Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri görmürük. 

Ola bilər ki, müəyyən istisnalarla güzəşt tətbiq olunacaq. Hər bir halda görünən odur ki, güzəşt əvvəlki kimi olmayacaq və əksər vətəndaşlardan o vergi tutulacaq. Bu vergi güzəşti 7 il bundan öncə tətbiq olunmağa başlayanda, mən də daxil olmaqla bəzi ekspertlər deyirdilər ki, məqsəd maaşların “ağardılmasıdır”. Vergi orqanı istəyir ki, hamının maaşı açıq görünsün və 7 ildən sonra vergini tutmağa başlasın”. 

Ekspertin fikrincə, əgər gələn ildən vergi tutulmağa başlanacaqsa, vətəndaşların onsuz da azalan gəlirləri daha da azalacaq: 

“Yəni əllərinə pulu daha az alacaqlar. Bəzi yerlərdə yəqin ki, sahibkarlar maaşları artırmağa məcbur olacaqlar. Çünki hansısa vətəndaş deyəcək ki, əgər vergi çərçivəsində maaşımı artırmırsansa, mən bu maaşla işləmirəm. Həmin verginin bir qismi gələn ildən vətəndaşların, bir qismi isə sahibkarların üzərində olacaq. İnsanların gəlirləri azalacaq, sahibkarların vergi yükü artacaq. Buna görə istisna etmirəm ki, bəlkə ilin sonuna qədər məsələyə yenidən baxıldı”. 

“Cebheinfo.az”-ın əldə etdiyi məlumata görə, hazırda məsələ müvafiq qurumlar tərəfindən müzakirə mərhələsindədir. 

Seçilən
24
30
cebheinfo.az

10Mənbələr