Ermənistan Respublika Partiyası sentyabrın 26-da parlament dinləmələrinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Onun gündəliyinə hakimiyyətin dəyişdirilməsi və onların ətrafında birləşməyin praktiki yolları məsələsi daxil edilib. Serj Sarkisyanın tərəfdaşları daxili siyasi vəziyyətin həllini Nikol Paşinyanın impiçmentində görürlər. Lakin komanda müzakirədə qərara gəlib ki, dinləmələrin gündəliyi və adı genişləndirilməlidir. Müzakirələri təkcə impiçment məsələsi ilə məhdudlaşdırmaq olmaz. Həm də daxili siyasi vəziyyət və problemin həlli yolları diqqət mərkəzində olmalıdır.
Qeyd edək ki, eks-prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası və parlamentdəki “Şərəfim var” fraksiyası baş nazirə etimadsızlıq məsələsini bu il ikinci dəfədir gündəmə gətirir. İyun ayında ERP sədrinin müavini Armen Aşotyanın və Uluxanlı (Masis) icmasının rəhbəri David Ambarsumyanın baş nazir vəzifəsinə namizədliklərini “Şərəfim var” fraksiyası vasitəsilə irəli sürməyə çalışsa da məqsədinə nail ola bilmədi.
Bunun birinci səbəbi parlament müxalifətinin impiçment məsələsini sessiyanın gündəliyinə salmaq üçün qanunvericilikdə tələb olunan qədər səsə mailk olmamsı idi. Yəni sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku 29, “Şərəfim var” fraksiyası isə 6 deputat yerinə malikdir. Ona görə də iki fralksiya birlikdə lazım olan 36 səsi toplaya bilımədi.
Digər səbəb Serj Sarkisyanla Robert Köçəryan arasında bitmək bilməyən siyasi ədavətdir. “Ermənistan” fraksiyası Paşinyanın istefasına nail olmaq üçün ERP-nin namizədlərini dəstəkləməyə hazır olduğunu bildirsə də, Köçəryan küçəmübarizəsinə üstünlük verdiyini əsas gətirərək əməldə bunu etmədi.
Paşinyana qarşı impiçmentin indiyə qədər baş tutmamasının əsas səbəbi parlament müxalifəti arasında ciddi fikir ayrılığının olmasıdır. Ermənistan parlament respublikası olduğundan qanunverici orqanda təmsil olunmayan partiyaların siyasi proseslərə, o cümlədən hakimiyyət dəyişikliyinə təsiri demək olar ki, yoxdur.
Bu, eyni zamanda həmin partiyaların siyasi reytinqinin xeyli aşağı olması ilə bağlıdır. Ana müxalifət arasında fikir birliyinin olmaması Nikol Paşinyanın baş nazir postunda qalmasına şərait yaradır. Bu konyuktur 2026-cı ildə keçirilək növbəti parlament seçkilərinə qədər davam edəcək. Ona görə də Serj Sarkisyanın sentyabrın 26-a nəzərdə tutulan daha bir impiçment prosesinin müsbət nəticə verəcəyi inandırıcı görünmür.
“MPG Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, əgər üzümüzə gələn bazar günü parlament seçkiləri keçirilərsə respondentlərin cəmi 3,4 faizi Ermənistan Respublika Partiyasına səs verməyə hazır olduğunu bildirib. Bu isə növbəti seçkilərdə Sarkisyanın təqdim etdiyi namizədlərin 5 faizlik barajı aşa biləcəyini və deputat mandatı qazanacağını şübhə altına alır.
Ona görə də Sarkisyanın baş nazirə etimadsızlıq məsələsini gündəmə gətirməsi daha çox protest elektorata hesablanmış populizmdir və reytinqi artırmaq məqsədi daşıyır.
Lakin Sarkisyan prosesi başlatmadan Köçəryan onun bu təşəbbüsünü “balta”ladı. Əslində, Köçəryanın özünün də siyasi vəziyyəti yaxşı deyil. Bir tərəfdən, aparılan sorğular seçicilərin 6,4 faizinin ona səs verməyə hazır olduğunu göstərir. Bu göstərici ilə seçki barajını aşmaq Köçəryana deputat yerlərinin əksəriyyətini itirmək hesabına başa gələcək.
Halbuki 2021-ci ilin parlament seçkiləri öncəsi Köçəryan 14 faiz siyasi reytinqə malik idi. Digər tərəfdən, onun əsas müttəfiqi olan “Daşnaksütyun”a seçicilərin cəmi 1,1 faizi səs verməyə hazırdir. Üçüncü problem rusiyalı milyarder Samvel Karapetyanın Ermənistanın siyasi səhnəsində sürətli diçəlişi və Köçəryanı kölgədə qoymasıdır.
Daşnakların seçkidə qələbə qazanmaq şansı görünməsə də “Ermənistan” bloku ilə koalisiyadan çıxıb kiləsinin dəstək verdiyi Karapetyanın yanında yer alması Köçəryanın siyasi bazasını daha da zəiflədəcək.
Göründüyü kimi, Ermənistanın müxalifət düşərgəsində seçkilər öncəsi siyasi konfiqurasiya formalaşmağa başlayıb. Samvel Karapetyanın liderlik etdiyi “Bizə görə” hərəkatı istisna olmaqla, müxalifətin sıralarında ciddi yenilik baş verməyib.
Ümumilikdə, müxalifətdə siyasi pərakəndəlik davam edir. Köçəryanın Serj Sarkisyana dəstək verməməsi onun seçkilərə ayrıca blok şəklində qatılmağa iddialı olduğundan xəbər verir. Seçkilərə qədər Sarkisyan-Köçəryan mübarizəsinin aradan qalxacağı inandırcı görünmür.
Sarkisyanın keçmiş müttəfiqi, Vətən Partiyasının sədri Artur Vanetsyan da seçkilərdə ayrılıqda iştirak etmək niyyətindədir. Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Tsarukyan isə seçkilərdə iştirak edib-etməyəcəyini hələ dəqiqləşdirmədiyini deyib.