AZ

Allahşükür Paşazadə: Rəqəmsal texnologiyaların inkişafı yeni imkanlarla yanaşı, yeni təhdidlər də gətirir  

Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu gün paytaxtda keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayında iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, "Dinlərin dialoqu – gələcək naminə sinerji" mövzusunda keçirilən qurultayda çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Dini lider çıxışında bildirib: "Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi Zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq etmişdir. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır”.

Şeyxülislam bu əhəmiyyətli ideyanın həyata keçirilməsi və davamlılığının təmin edilməsi üçün Qazaxıstan dövlətinə və onun rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın tərəqqi və mənəvi inkişaf yollarında inamla irəliləməsini qeyd edib. “Əminik ki, Qazaxıstan dövləti dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu bundan sonra da davam etdirəcək”, - deyə o söyləyib.

Dini lider çıxışında müasir dünyada baş verən müharibələr və qarşıdurmalara toxunub. “Dünyanın müxtəlif nöqtələrində günahsız insanların qətl və faciələrinə son qoyulması üçün mənəvi məsuliyyətimizdən çıxış etməli, beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik”, - deyə qeyd edib.

Süni intellektin həyata təsiri ilə bağlı narahatlığını ifadə edən A.Paşazadə qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı yeni imkanlarla yanaşı, yeni təhdidlər də gətirir. Bu sahədə mənəvi-etik hədlərin gözlənilməsi və yaranması mümkün fəsadların qarşısının alınması əhəmiyyətlidir. Çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə toxunan dini lider azad edilən ərazilərdə mədəni-mənəvi irsimizə qarşı vandalizmin ağır nəticələrini aradan qaldıraraq genişmiqyaslı quruculuq işlərinin aparıldığını vurğulayıb. O, qardaş Qazaxıstanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzini hədiyyə olaraq inşa etdirməsinə görə dərin təşəkkürlərini bildirib.

Qurultayın yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan dövlətinə və onun rəhbərliyinə minnətdarlığını ifadə edən A.Paşazadə Uca Yaradandan ölkələrdə daimi sülh və əmin-amanlığın hökm sürməsini diləyib.

Seçilən
27
1
azerbaijan-news.az

2Mənbələr