AZ

Dərslər başladı, qətllər də başladı – təsadüfdürmü, yoxsa qanlı tendensiya?

Sentyabrın 16-da, tədris ili yenicə başlayarkən baş verən məktəbli qətli ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrildi.

Təəssüf ki, bu, təsadüfi bir hadisə deyil. Ötən il də dərslərin başlamasından cəmi üç həftə sonra iki məktəbli cinayəti qeydə alınmışdı. Ümumiyyətlə, son illərdə yeniyetmələr və məktəblilər arasında zorakılıq və qanlı cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Bəs səbəb nədir? Valideynlər, məktəb daha çox nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı təhsil ekpserti Kamran Əsədov Musavat.com-a danışıb.

kamran.jpg

Ekspertin fikrincə, son illərdə məktəblilər və yeniyetmələr arasında zorakı davranışların, hətta ölümcül hadisələrin baş verməsi təhsilin təkcə akademik tərəfi ilə deyil, həm də sosial-psixoloji yönü ilə ciddi şəkildə məşğul olmağın vacibliyini göstərir:

“Təhlillər sübut edir ki, bu, təsadüfi hallar deyil, sistemli yanaşma tələb edən genişmiqyaslı sosial problemdir. Təkcə 2023-cü ildə dərs ilinin ilk üç həftəsində iki məktəbli qətli qeydə alınıb, 2024-cü ilin sentyabrında isə dərslər başlayar-başlamaz yenidən məktəbli cinayəti baş verib. Bu faktlar deməyə əsas verir ki, uşaqların davranış mühitində risklər artır, ailə, məktəb və cəmiyyət bu prosesdə üzərinə düşən rolu tam şəkildə yerinə yetirmir”.

Kamran Əsədov qeyd edib ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür:

“Təəssüf ki, bir çox valideyn övladlarına vaxt ayırmaq əvəzinə sosial şəbəkələrdə saatlarla vaxt keçirir, övladın psixoloji durumuna, dost çevrəsinə, gündəlik maraqlarına biganə yanaşır. Azərbaycan Uşaq Hüquqları haqqında Qanunun 9-cu maddəsində açıq şəkildə göstərilir ki, valideynlər uşağın fiziki, psixi və mənəvi inkişafı üçün məsuliyyət daşıyır. Amma reallıqda valideynlər bu məsuliyyəti çox zaman ya hiss etmir, ya da sadəcə iqtisadi təminatla kifayətlənirlər. Maddi təminat uşağın sosiallaşması üçün vacib olsa da, onun mənəvi inkişafını əvəz etmir. Valideynlərin övladlarına nəzarəti zəiflədikcə, sosial şəbəkələrin, aqressiv kontentli oyunların və təsadüfi çevrələrin təsiri artır.

Məktəbin məsuliyyəti də danılmazdır. “Təhsil haqqında” Qanunun 29-cu maddəsinə görə, ümumi təhsil müəssisələri yalnız bilik vermir, eyni zamanda şagirdlərin tərbiyəsi və təhlükəsizliyini də təmin etməlidir. Amma ölkə üzrə təxminən 4500 məktəbin yarısında psixoloq yoxdur, olanlarda isə bir nəfər psixoloq yüzlərlə şagirdə xidmət göstərir. Bu vəziyyətdə məktəbin uşaqların aqressiv davranışlarını erkən mərhələdə aşkar etməsi demək olar ki, mümkün olmur. Burada Elm və Təhsil Nazirliyinin son illərdə “Məktəb psixoloqu” ştatlarının artırılması, şagird davranış qaydalarının yenilənməsi, müəllimlər üçün psixoloji maarifləndirmə təlimlərinin keçirilməsi mühüm və müsbət addım kimi qiymətləndirilməlidir.

Nazirlik bu məsələni dövlət səviyyəsində prioritet elan etməklə cəmiyyətə vacib mesaj verir ki, təhsildə keyfiyyət yalnız akademik biliklərlə ölçülmür, sosial təhlükəsizlik də əsas amildir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bu məsələyə diqqət daha sistemli yanaşma tələb edir. Finlandiya və Yaponiya kimi ölkələrdə hər 200–250 şagirdə bir psixoloq norması tətbiq olunur, məktəblərdə zorakılığın qarşısını almaq üçün xüsusi proqramlar hazırlanır. ABŞ-da “School Safety Program” çərçivəsində məktəblərdə mühafizəçilərlə yanaşı, sosial işçilər də fəaliyyət göstərir.

Azərbaycanda isə psixoloji xidmət hələ də zəif inkişaf edib, lakin son illərdə Elm və Təhsil Nazirliyinin psixoloji maarifləndirmə layihələri beynəlxalq yanaşmalarla müqayisədə müsbət başlanğıc kimi görünür”.

Ekspert qeyd edib ki, bu hadisələrin artması cəmiyyətin psixoloji atmosferi ilə də bağlıdır:

“Sosial ədalətsizlik hissi, aqressiv dilin mediada və sosial şəbəkələrdə normallaşması, uşaq və yeniyetmələrin gələcəklə bağlı pessimizmi onların davranışında zorakılığı “təhlükəsizlik mexanizmi” kimi görməsinə səbəb olur. Valideynlərin və məktəbin rolu zəiflədikcə, sosial şəbəkələr uşaqların tərbiyəçisi rolunu öz üzərinə götürür və nəticə etibarilə, gənc nəslin mənəvi dəyərləri ciddi deformasiyaya uğrayır.

Hesab edirəm ki, bu problemin həlli üçün valideynlər övladlarına sosial şəbəkədə sərf etdikləri vaxtdan daha çox vaxt ayırmalı, məktəblərdə psixoloji xidmət sistemi gücləndirilməli, cəmiyyət və media zorakılığı deyil, dəyərləri, qarşılıqlı hörməti təbliğ etməlidir. Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar, xüsusilə psixoloq ştatlarının artırılması və məktəblərdə təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi müsbət siyasətin göstəricisidir və davamlı tətbiq olunarsa, gələcəkdə bu hadisələrin qarşısı alınacaq. Əks halda, həm ailə, həm məktəb, həm də cəmiyyət üzərinə düşən məsuliyyəti yetərincə icra etmədiyi üçün uşaqların davranışlarında zorakılıq daha da geniş yayılacaq”.

Xalidə Gəray
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr